Azərbaycan prezidenti İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb.
Report məlumat verir ki, dövlət başçısı görüşdə Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyib. O, Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.
İlham Əliyev, həmçinin Azərbaycan hərbçilərinin qəhrəmanlığından, peşəkarlığından danışıb:
“44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”.