Nanə arağı, əsasən, Gəncədə və ətraf rayonlarda məşhur olub. Təbii müalicəvi xüsusiyyətlərə malik nanə yarpağından hazırlanan araq Azərbaycanda ən azı 200 illik tarixi olan türkəçarə reseptidir.
Müalicəvi içəcəyə "araq" deyilsə də, bu məhlul adi spirtli içkilər kimi istifadə olunmur. Araq müxtəlif çiçək, gül və otlardan hazırlanmış dərman cövhərlərinə də deyilib. Bu cür cövhərlərdən biri isə məhz nanə arağıdır.
Nanə arağı orqanizmdə gedən proseslərin tənzimlənməsində, diabet, böyrək və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Onun digər faydaları da var:
Sancı, ağrı, ürəkbulanma, zəhərlənmə və digər həzm orqanlarının ən müxtəlif pozulmalarında müsbət təsir edir, həzmə kömək edir və iştahı açır;
Bağırsaqlarda qurd və parazitləri məhv edir;
İmmuniteti qaldırır, orqanizmi yeniləyir;
Burun və boğaz yollarını dezinfeksiya edir, angina zamanı qarqara olunur;
Stres, depressiya zamanı sinirləri sakitləşdirir;
Baş və miqren ağrılarında gicgaha çəkilir, həmçinin bir qədər içilir;
Qan dövranını yaxşılaşdırır, yüksək təzyiq olanda içilir.
Nanə arağının hazırlanması çətin və uzun prosesdir, təxmini 7-8 saat çəkir. Onun hazırlanması üçün misdən qazan, güyüm, ney və digər avadanlıqlardan istifadə olunur.
Hal-hazırda bir çoxları nanə arağı satmaq üçün onu kustar və ya digər təzə metodlarla çəkməyə çalışırlar. Gəncədə çox az sayda qədimdən bu işlə məşğul olan insanlar qalıb.