Gəncəli mütəxəssis ölkə xaricində təltif olunub.
Gencexeber.az Report-a istinadən məlumat verir ki, Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyası (FIDE) qala gecəsi keçirib.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib. Onların arasında federasiyanın vitse-prezidenti, uzun illər mötəbər yarışlarda hakim kimi çalışan Faiq Həsənov da yer alıb.
FIDE-nin rəsmi saytı Həsənovun uğurları barədə aşağıdakıları yazıb:
“Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, olimpiada, Dünya Kuboku, Qran-pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun - Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.
Qeyd edək ki, Faiq Həsənov 13 aprel 1940-cı ildə Gəncədə anadan olub. O, Azərbaycanda şahmatın inkişafındakı xidmətlərinə görə Şöhrət Ordeni ilə mükafatlandırılıb. 2006-cı ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.