27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirdi. Buna cavab olaraq, "Dəmir Yumruq" adını alan əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başladı.
Gencexeber.az məlumat verir ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri işğaldan azad edilib. Azərbaycan Ordusu həmçinin yüzlərlə yaşayış məntəqəsini, bundan başqa, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri düşməndən təmizləyib.
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 3 minə yaxın hərbi qulluqçusu şəhid olub. Onlardan 107 nəfəri Gəncə şəhərindəndir. Həmçinin şəhərə raket hücumu nəticəsində 26 mülki şəxs də həlak olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.