Bu gün dünyada Beynəlxalq Sülh Günü qeyd edilir. BMT tərəfindən 1981-ci ildən təsis edilən bu gün, 192 ölkənin dəstəyi ilə qeyd olunur. 1999-cu ildə rejissor Ceremi Cilli "Peace One Day" layihəsinə start verərək insan zorakılığının bir gün də olsa dayandırılmasını hədəflədi.
21 sentyabr ailələr və məktəblərdə zorakılığa qarşı mübarizənin təşviqi üçün vacib bir gündür. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Sülh Zəngi"nin çalınması ilə başlayır. Üzərinə "Yaşasın Mütləq Dünya Sülhü" yazısı həkk edilən bu zəng Yaponiya Parlamentinin hədiyyəsidir.
Sülh, Azərbaycanda dövlət siyasətinin əsas tərkib hissəsidir və bu siyasət Heydər Əliyev tərəfindən formalaşdırılıb. Dünyada baş verən neqativ hadisələr fonunda, Azərbaycan digər ölkələr üçün müsbət bir model təqdim edir. Fərqli dinlərə mənsub və müxtəlif adət-ənənələrə malik xalqların nümayəndələri Azərbaycanda əsrlərdir mehribanlıq və sülh şəraitində bir arada yaşayırlar.