“Kənddə arvadı ilə adıma söz çıxarırdı. Atası ilə kənddə yayırdı ki, guya mənim bunun arvadı ilə intim əlaqəm var. Bu söhbətin axırı da belə olmalı idi”.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında qısqanclıq zəminində həmkəndlisi Muraz İbrahimovu amansızca öldürməkdə təqsirləndirilən Arif Quliyev (ad şərtidir) deyib.
Belə ki, 2001-ci il təvəllüdlü Arif Quliyev 2023-cü ildə Samux rayonu, Burunqovaq kəndində toya gedib. Həmkəndlisi Muraz İbrahimov arvadı Sədət İbrahimova ilə birlikdə gedərkən Arifi görüb. Muraz arvadı ilə Arifin intim münasibətdə olmasından şübhələnib. Arif ilə 2023-cü ilin iyun ayında mübahisə etdiklərini bəhanə edərək, ona qarşı nalayiq sözlər istifadə edib və davaya dəvət edib. Nalayiq söyüşlərinə görə Arif üzərində gəzdirdiyi bıçaqla onu vurmaq istədikdə Murazın qaçmasına baxmayaraq, tutub. Nəticədə Murazın arvadının gözü qarşısında ona rəhmsiz, qəddarlıq və xüsusi əzab verdiyini dərk edərək Muraz İbrahimovu dəfələrlə bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla bir şəxsi qəsdən öldürmək) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə baxılıb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən Arif Quliyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü qismən təqsirli bilərək deyib:
“Hadisə baş verməmişdən təxminən 7-8 ay qabaq Muraz İbrahimovun evinin qabağından keçirdim. Murazın atası Sədətin yanına nə üçün gəldiyimi soruşdu. Halbuki, mən onların evlərinə getməmişəm. Sadəcə kənd yeridi, bütün evlərin qapıları bir-birinə yaxındı. Bundan başqa, Muraz iş yerində mənim yaxşı oğlan olmadığım barədə sözlər deyib. Murazın evinə getdim. Dedim ki, hansı pis işimə görə bu sözləri demisən. Muraz da yaddaş problemi olduğunu və dedikləri sözlərə görə üzrlü saymağımı xahiş etdi.
Bir neçə gün sonra kənddə əsgər qonaqlığı var idi. Orda spirtli içki içdim. Qonaqlıqdan çıxanda Muraz məni çay içmək üçün öz evinə dəvət etdi. Getmək istəməsəm də, məcbur etdi. Murazgildə olduğum zaman çox içdiyim üçün qaytardım. Səhəri gün eşitdim ki, Muraz onlarda qaytardığımı bütün kəndə yayıb. Buna görə aramızda yenə söz-söhbət yarandı”.
Arif Quliyev ifadəsində qeyd edib ki, Murazın atası Rəhim kişi gəlini Sədətlə Arif arasında intim münasibət olduğunu kənddə yayıb:
“Murazgilin əlindən mən kəndə gələ bilmirdim. Mənə deyirdilər ki, sənin gəlinimiz Sədətlə aranızda intim münasibət var. Halbuki, elə bir şey heç zaman olmayıb. Bir dəfə maşınla kəndə gəlirdim. Murazın anası avtomobilimi daşladı, əlindəki yaba ilə məni hədələdi. Buna görə də, 3-4 ay Mingəçevirdə bibimgildə qaldım.
Bir müddət sonra kəndə qayıdanda atam evdə yox idi. Onun əvəzinə toya mən getdim. Toya nəmər yazdırıb mağarın qarşısında dayanan zaman Muraz mənə arvadı Sədətə nə üçün baxdığımı dedi. Mən heç Sədətə baxmamışdım. Mən də ona dedim ki, Sədətlə mənim adıma söz çıxarırsız, yaxşı kişi olsaydın arvadını atası evinə göndərib, sonra geri gətirməzdin. Bu sözümə görə aramızda mübahisə yarandı. Muraz məni vurdu, yerə yıxıldım. Özümü qorumaq üçün cibimdə olan bıçaqla onun qoluna vurdum. Lakin bıçaq ürəyinə dəydi.
Kənddə Sədətlə mənim münasibətim olması barədə söz-söhbəti Murazın atası Rəhim yayıb. Bu barədə Rəhim mənim atama da deyib, lakin atam bununla bağlı mənə heç nə deməyib. Mən Mingəçevirdən qayıtdıqdan sonra eşitdim”.
Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesini aparan tərəflərinin suallarına cavab olaraq bildirib ki, Murazla Sədət boşanmaq üçün məhkəməyə də müraciət etmişdilər:
“Hadisə günü atamın əvəzinə toya getdim. Nəməri yazdırıb, mağardan çıxıb, sinif yoldaşım Kərəmlə söhbət edirdim. Bir qədər sonra Kərəm mağara qayıtdı, mən də evə getmək istədim. Bu vaxt Muraz qabaqda, arvadı Sədət isə arxada mağardan çıxaraq evlərinə gedirdilər. Muraz mağardan çıxarkən mənə heç bir səbəb olmadan arvadı Sədətə nə üçün baxdığını dedi. Murazgil məndən təxminən 10 metr qarşıda gedirdi.
Muraz arxaya çönüb nə üçün arxaları ilə gəldiyimi soruşdu. Mən də yavaş-yavaş Muraza yaxınlaşıb işlətdiyi sözlərin yaxşı olmadığını, mənim adıma söz çıxardıqlarını dedim. Muraz isə mənə söyüş söydü. Sədətin yanında dalaşdıq. Muraz yerdən daş götürüb mənim kürəyimə, ardınca isə yumruqla qulaq nahiyəmə vurdu. Muraz üzərimə çıxıb yumruqla vurmağa başladı. Bu vaxt özümü qorumaq üçün gödəkçəmin cibində olan bıçağı çıxarıb qol nahiyəsindən vurmaq istədim. Lakin sonra bildim ki, bıçaq onun ürəyindən dəyib. Murazı bıçaqla vurduqdan sonra arvadı Sədət qışqırdı, mən də qorxduğum üçün evə qaçdım”.
Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Muraz İbrahimovun hüquqi varisi, atası Rəhim İbrahimov ifadəsində göstərib ki, kənddə Ariflə Sədət arasında münasibət olması barədə söz-söhbət eşidib:
“Bundan başqa, kənd icra nümayəndəsi mənə deyirdi ki, dəfələrlə Arifi yanına çağırıb camaatın ailəsini dağıtmamasını, Arifin atası Xudaya kişiyə də oğluna nəzarət etməsini deyib. İcra nümayəndəsi dedi ki, Arifgil mənə qulaq asmır. Mən də Murazgilin evini güdməyə başladım. 2023-cü ilin may ayının 29-u ya 30-u evi güdsəm də, Arifi görmədim. İyunun 2-si Murazın evinin qarşısında olan təndirin yanında Sədəti güddüm. Həmin vaxt evdə Sədət və nəvəm Şəhla var idi. Evə telefona zəng gəldi, Şəhla anasını çağırdı. Sədətin evdə olduğunu düşündüm, amma o, evin qarşısında olan tikilidən çıxdı. Onun arxası ilə Arif həmin tikilidən çıxaraq qaçıb təndirin arxasında gizləndi. Sədət telefona cavab verib, yenidən Arifin yanına gəldi. Sədət Arifin qabağında paltarını aşağı çəkdi.
Bunu görüb “nə edirsiniz, sizi öldürəcəm” dedim. Bunu görən Arif qaçdı, Sədət isə evə keçdi. Sədətin yanına gedərək üç gündür onu güddüyümü və ata evinə getmək üçün hazırlaşmasını dedim. Daha sonra, Sədətin atasına zəng edib olanları danışdım, atası da Sədəti evlərinə göndərməklərini dedi”.
O, ifadəsində göstərib ki, oğlu ilə gəlininin boşanmalarına az qalmış nəvəsi Şəhlanın anasız böyüməsini istəməyib:
“Sədət ilə Murazı barışdırıb evə gətirdim. Şəhla mənə sonradan Arifin nərdivanla aynadan evə gəlib-getdiyini dedi. Hadisə günü mən də toya getmişdim. Arif də orda idi. Arifin əlində 30 sm uzunluğunda “akula” markalı bıçaq var idi. Bıçaqla almanı dörd yerə bölüb yanındakı Yaşar Əhmədova verdi. Yaşar yemədiyini dedikdə Arif bunun mənası olduğunu və bu bıçağın bu gün kimisə həyatdan məhrum edəcəyini dedi. Arifin əlində bıçaq oynadaraq toya pul yazıldığını da gördüm. Ondan sonra evə getdim”.
Digər şahid, Muraz İbrahimovun arvadı Sədət İbrahimova deyib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiqliklə xatırlamır:
“Arif bir-iki dəfə bizə Murazın yanına gəlib-gedib. Ya telefon düzəltdirmək, ya da söhbət etmək üçün gəlirdi. Bir gün axşamüstü Muraz evdə olmayan vaxt Arif gəlib onu çağırdı. Murazın evdə olmadığını dedim. Qayınatam Rəhim İbrahimov onunla məni birlikdə tutması barədə kənddə söz-söhbət yaydı. Onun dediklərinin heç biri doğru deyil. Mənimlə Arifin heç bir münasibəti olmayıb.
Qayınanam, kürəkənlərim və ərim döyə-döyə məni evdən qovdular. Kənddən çıxdım, təxminən 4 ay atam evində qaldım. Bu müddətdə Ariflə bağlı mənə deyilməyən sözlər qalmadı. Boşanmaq üçün müraciət etdim. Lakin Muraz barışmağımızı təkidlə xahiş etdiyi üçün boşanmadım. Ər evinə qayıtdım. Qohumlardan heç biri məni danışdırmadı.
Hadisə günü Murazla birlikdə dayısı nəvəsinin kiçik toy məclisinə getdik. Toyda Muraz Arifi orada gördüyü üçün dayanmadı. Evə getməyimizi istədi. Mağardan çıxıb evə tərəf gedəndə Arif əlində bıçaqla arxadan gəldi. Murazla dalaşmağa başladı, ona qarşı bıçaq uzatdı. Bıçaq Murazın ürəyinə dəydi. Mənim qışqırmağıma baxmayaraq mağardan heç kim köməyə gəlmədi”.
Məhkəmə istintaqı zamanı onların istifadəsində olan mobil telefonlar tədqiq edilib. Axtarış zamanı telefonlarda Ariflə Sədətin danışması ilə bağlı mesajlar müəyyən edilib.
Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.
Sonda məhkəmənin yekun qərarı ilə Arif Quliyev 17 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Fidan İlqar