"BakuBus" MMC-nin yaxın zamanda Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar yeni avtobus parkının tikintisi prosesi yekunlaşmaq üzrədir.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, avtobus parkı Gəncə Beynəlxalq avtovağzalının arxasında, geniş ərazidə inşa olunur. Artıq tikinti sahəsində canlı qüvvə və xüsusi texnika vasitəsilə bina və nəzarət-buraxılış məntəqəsi tam olaraq inşa edilib, tikilinin fasad işləri yekunlaşıb. Hazırda dayanacaq meydanında son tamamlanma işləri görülür.
Redaksiyamızın əldə etdiyi məlumata görə, şirkətə məxsus qaraj kompleksinin açılışı oktyabrın 1-nə təyin edilib. Sözügedən məsələ ilə əlaqədar "BakuBus" MMC-yə ünvanladığımız sorğuya rəsmi cavab verilməsə də, qeyd edilən tarixdə açılış mərasiminin olacağı ilə bağlı məlumat təkzib edilməyib.
Qeyd edək ki, layihələndirməni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu həyata keçirib.