Azərbaycanda siqaret çəkənləri və onların işəgötürənlərini yüksək məbləğdə cərimələr gözləyir
Bu barədə hüquqşünas Elmar Süleymanov haqqin.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qanunvericilik sərtləşdirilsə də, bir çoxları tütün məmulatlarının istifadəsinə dair məhdudiyyət qaydalarına əməl etmir:
"Yeni qaydalara əsasən, cərimələr daha da ağırlaşdırılıb və ilk növbədə məsuliyyət işəgötürənlərin üzərinə düşür. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun 10-cu maddəsi işəgötürənlərə təkcə siqareti qadağan etməyi deyil, həm də bu qaydalara riayət olunmasını təmin etməyi tapşırır. Əgər işçi ofis girişində siqaret çəkirsə, bu, artıq iki növ xərclə nəticələnir: siqaret çəkən şəxs üçün 30 manat, "Siqaret çəkmək qadağandır" lövhəsinin olmamasına görə isə vəzifəli şəxs üçün 400 manat cərimə," – deyə Süleymanov qeyd edib.
Hüquqşünasın sözlərinə görə, siqaret kötüklərinin atılmasına görə də ayrıca cərimələr nəzərdə tutulur:
▪️ ilk qayda pozuntusuna görə — 300 manat,
▪️ il ərzində təkrarlanarsa — 700 manat.
Süleymanov əlavə edib ki, məhdudiyyətlər elektron siqaretlərə, qəlyan və veyplərə də şamil olunur:
"Buxar — tüstü deyil, amma yoxlayıcı üçün fərqi yoxdur. Veypdən qadağan olunmuş yerdə istifadə eyni cəza ilə nəticələnir."
Ən ağır sanksiyalar isə bu qaydaların pozulmasının qarşısını almayan işəgötürənlər üçün nəzərdə tutulur:
▪️ vəzifəli şəxs üçün — 500 manat,
▪️ hüquqi şəxs üçün — 2000 manat.
Hüquqşünas şirkətlərə "Siqaret çəkmək qadağandır" lövhələri yerləşdirməyi, xüsusi siqaret çəkmə yerləri ayırmağı və ya tam qadağa tətbiq etməyi, eləcə də əməkdaşlarla bu barədə təlim keçərək bunu sənədləşdirməyi tövsiyə edib.