Bu gün şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günüdür.
Gencexeber.az xatırladır ki, dahi şair ilk dram əsərini, "Ana"nı Gəncədə yaşadığı dövrdə,1910-cu ildə qələmə alıb.
Bu əsərdə Hüseyn Cavid cəsarətli bir ana obrazını yaradır. Cavidin təbliğ etmək istədiyi əsas ideya Qafqazın müsəlman xalqlarına məxsus qonaqpərvərlik, düşmənin belə olsa, sənə sığınana mərhəmət göstərmə kimi mənəvi xüsusiyyətlərdir.
Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.