top
“Bəzi məsələlərdə sərt rəhbərlik tələb oluna bilər” – ADAU-nun REKTORU İLƏ ÖZƏL MÜSAHİBƏ
06 dekabr 2024, 15:00
- +

“Bəzi məsələlərdə sərt rəhbərlik tələb oluna bilər” – ADAU-nun REKTORU İLƏ ÖZƏL MÜSAHİBƏ

 

“Bəzi məsələlərdə zəhmli və sərt rəhbərlik tərzi də tələb oluna bilər. Elə mən də rektor olaraq, sərt olmaq lazım gəldikdə sərt və tələbkar ola bilirəm”.

Gencexeber.az-ın budəfəki müsahibi 2023-cü il avqustun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilən Zəfər Qəzənfər oğlu Qurbanovdur.

Onunla müsahibəni təqdim edirik:

- Zəfər müəllim, öncə sizə işlərinizdə daima uğurlar arzulayırıq. Artıq 2 ildir ki, Azərbaycan Dövlət Aqrar Universitetində çalışırsınız. Universiteti hansı vəziyyətdə gördünüz? Sizi nə təəccübləndirdi?

- Çox sağ olun, dəyərli arzularınız üçün dərin təşəkkürümü bildirirəm. Azərbaycan Dövlət Aqrar Universiteti milli və dövlətçilik ənənələrinə sadiq qalaraq 100 ildən çoxdur ki, ölkəmizdə aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əvəzsiz rol oynayır.

Burada fəaliyyətə başladığım ilk gündən tədris prosesinin keyfiyyətini artırmaq, idarəetmə mexanizmlərini müasir tələblərə uyğunlaşdırmaq və tələbələr üçün daha əlverişli şərait yaratmaq istiqamətində ardıcıl işlər həyata keçiririk.

Sentyabr-noyabr aylarında fakültələrdə aparılan monitorinqlər zamanı tədris prosesinin daha da təkmilləşdirilməsi üçün diqqət yetirilməsi lazım olan bəzi məqamlar müəyyən edildi. Məsələn, kargüzarlıq işlərinin daha səmərəli təşkili, dərs jurnallarının dəqiq və qaydalara uyğun tərtib olunması, tələbə və əməkdaşların davamiyyətinin artırılması, eləcə də tədris materiallarının daha nizamlı şəkildə təşkil edilməsi üçün zəruri addımlar atıldı. Bu istiqamətdə görülən işlər kollektivimizin işini asanlaşdırmaqla yanaşı tədris prosesinin keyfiyyətini artırmağa mühüm töhfə verdi.

Görülən tədbirlər nəticəsində dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, dəfələrlə çağırışlara cavab verməyənlər isə universitetdən uzaqlaşdırıldı. Bundan əlavə, işinə məsuliyyətsiz yanaşan, etik qaydalara riayət etməyən və sənədləşmədə nöqsanlara yol verən müəllim və əməkdaşlarla aparılan işlərin müsbət nəticəsi olaraq vəzifə öhdəliklərinin yerinə yetirməsinə nail olduq.

Bu addımların məqsədi yalnız nizam-intizamı bərpa etmək deyil, həm də universitetimizdə tədris keyfiyyətini artırmaq, tələbələrimiz və əməkdaşlarımız üçün daha sağlam bir iş mühiti yaratmaqdır. Əminəm ki, görülən tədbirlər uzunmüddətli perspektivdə universitetin inkişafına böyük töhfə verəcək.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Universitetdə ilk dəyişikləri hansı istiqamətlərdə etdiniz?

- İlk növbədə Universitetdə tədrisin keyfiyyətinin artırılması və idarəetmə proseslərinin təkmilləşdirilməsi üçün bir neçə əsas istiqamətdə dəyişikliklərə başladıq. Universitetin professor-müəllim heyəti, əməkdaşları və 6000-dən çox tələbəsi ilə görüşlər keçirildi. Bu görüşlərdə onların problemləri və təklifləri dinlənildi. Bununla yanaşı, təhsil müəssisəsində vahid rəqəmsal idarəetmə sistemi olan “Digital ADAU” layihəsinin icrasına start verildi. Bu layihə tədris, davamiyyət, qiymətləndirmə, tədris planlarının tərtibi və digər akademik fəaliyyətlərin elektronlaşdırılması ilə universitetin idarəetmə proseslərini optimallaşdırmağı hədəfləyir.

Eyni zamanda, tələbələrin praktiki biliklərini artırmaq üçün yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq genişləndirildi. Tədqiqat layihələri, təlimlər və təcrübə proqramlarının təşkili ilə tələbələrin gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisləri kimi yetişdirilməsi məqsəd qoyuldu.

Baytarlıq təbabəti fakültəsinin “əczaçılıq” ixtisası üzrə tələbələrinin uzun müddət həllini gözləyən sertifikasiyalaşma problemi aradan qaldırıldı. Artıq 2009-cu ildən etibarən bu ixtisasa qəbul olan məzunların əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikat əldə etmə imkanları var.

Bundan başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramının icrası yüksək səviyyədə davam etdirilir. Bu çərçivədə onlayn iclaslar keçirilir, həmçinin gələcək planlar geniş şəkildə müzakirə edilir.

Bu dəyişikliklərin hamısı ADAU-nu müasir, tələbə və cəmiyyət yönümlü ali təhsil müəssisəsinə çevirmək məqsədinə xidmət edir.

- Universitetin gələcək inkişafı üçün hansı prioritetlər var? Hansı yeni layihələr üzərində işləyirsiniz?

- ADAU gələcək inkişafını təmin etmək üçün bir sıra əsas prioritetlər və strateji layihələr üzərində çalışır.

Universitetdə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, Çin Xalq Respublikasının Hexi Universiteti ilə təhsil və tədqiqat sahələrində əməkdaşlıq, həmçinin Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramının icrası beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını hədəfləyir. Bundan başqa Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti və Türkiyənin Dicle Universiteti ilə imzalanmış memorandumlar da bu istiqamətdə görülən işlərin mühüm hissəsidir.

Universitetimizdə, az öncə qeyd etdiyim kimi, rəqəmsallaşma layihəsi ilə tədris və idarəetmə proseslərinin avtomatlaşdırılması həyata keçirilir. Bu sistem tələbələrin akademik fəaliyyətini daha şəffaf izləmək və problemlərini çevik həll etmək üçün nəzərdə tutulub. ADAU, həmçinin beynəlxalq mütəxəssislərin iştirakı ilə innovativ texnologiyalara əsaslanan təlimlər təşkil edir.

Eyni zamanda, beynəlxalq layihələr hesabına ilk dəfə olaraq virtual laboratoriyaların yaradılması nəzərdə tutulur ki, bu laboratoriyalarımızda tələbələr verilənlərlə dəqiq işlər görə biləcəklər. Təbii ki, əsas məqsədlərdən biri də ali məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasıdır ki, bütün tədris auditoriyaları kompüterlər, proyektorlar və digər lazımi avadanlıqlarla təchiz olunsun.

Sevindirici haldır ki, Türkiyənin TİKA təşkilatı ilə əməkdaşlıq nəticəsində Baytarlıq klinikası yenidən qurulur. Məqsədimiz tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki təcrübə imkanları da təqdim etməkdir. Bundan əlavə, müxtəlif heyvanların Vivariuma yerləşdirilməsi də nəzərdə tutulur.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Rəhbəri olduğunuz ali təhsil müəssisəsində müasir texnologiyalar və onlayn təhsil metodlarından necə istifadə olunur?

- Azərbaycan Dövlət Aqrar Universiteti müasir texnologiyalar və onlayn təhsil metodlarından istifadə sahəsində qabaqcıl addımlar atır. Universitetimiz tədrisin keyfiyyətini yüksəltmək, tələbələrimizin daha çevik və səmərəli öyrənmə prosesini təmin etmək məqsədilə bir sıra innovativ yanaşmalar tətbiq edir.

“Digital ADAU” layihəsi çərçivəsində universitetin tədris və idarəetmə prosesləri rəqəmsallaşdırılır. Bu layihə ilə idarəetmə strukturu avtomatlaşdırılır, tələbələr və müəllimlər arasında əlaqə asanlaşır, dərslərin və akademik fəaliyyətlərin izlənməsi isə daha effektiv şəkildə həyata keçirilir. Bu yanaşma, həmçinin universitetin idarəetmə proseslərini müasir texnologiyalarla optimallaşdırmağa kömək edir.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

ADAU-da onlayn təhsil platformaları da geniş şəkildə istifadə olunur. Bu platformalar, pandemiya dövründə olduğu kimi, tələbələrimizin təhsillərini fasiləsiz davam etdirməsi üçün böyük imkanlar yaradır. Tələbələr onlayn dərslər və mühazirələr vasitəsilə dərslərdə aktiv iştirak etmək imkanı əldə edir və eyni zamanda müxtəlif fənlər üzrə dərs materiallarına asanlıqla giriş əldə edirlər.

Universitetin tədrisində mobil və rəqəmsal alətlər də əhəmiyyətli rol oynayır. Tələbələr bu alətlər vasitəsilə dərsləri izləyir, tapşırıqları yerinə yetirir və dərs materiallarına sürətli giriş imkanı əldə edirlər. Bu yanaşma tədris prosesini daha çevik və effektiv edir.

Ötən il kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun iştirakı ilə keçirdiyimiz “Aqrar İnnovasiya və Startaplar” forumunda 30-dan çox startap tədbir iştirakçılarına təqdim olunub. Düşünürəm ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startap və innovasiyaların inkişafına xüsusi təkan verəcək.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Tələbə təşkilatları və klub fəaliyyətlərinə universitet hansı dəstəyi göstərir?

- Azərbaycan Dövlət Aqrar Universiteti tələbə təşkilatları və klub fəaliyyətlərinin inkişafına böyük önəm verir. Bu məqsədlə universitet tələbə təşkilatları və klubları üçün geniş imkanlar yaradır. Onlara təlimlər, seminarlar, konfranslar və digər fəaliyyətlər təşkil etməyə dəstək verilir. Həmçinin bu təşkilatların idarəetmə və təşkilati bacarıqlarını inkişaf etdirmək üçün rəhbərlik tərəfindən müvafiq resurslar təqdim olunur.

Tələbələrin müxtəlif sahələrdəki fəaliyyətlərini dəstəkləyərək, onların yaradıcılığını və sosial aktivliklərini təşviq edirik. Müxtəlif mədəniyyətlərarası proqramlar, sərgilər, idman tədbirləri və könüllülük fəaliyyətləri də tələbə həyatının bir hissəsi olaraq universitetin gündəlik tədris və fəaliyyətləri ilə paralel şəkildə həyata keçirilir.

Bu dəstək tələbələrin karyera imkanlarının genişlənməsi və onların cəmiyyətdə fəal və məsuliyyətli vətəndaşlar kimi yetişmələri məqsədini də güdür.

- Universitet daxilində tələbələrə və müəllimlərə təqdim olunan resursların (məsələn, kitabxanalar, laboratoriyalar, idman obyektləri) inkişafı istiqamətində hansı yeniliklər tətbiq ediləcək?

- ADAU olaraq, tələbələrimizə və müəllimlərimizə təqdim etdiyimiz resursların inkişafını hər zaman diqqətdə saxlayırıq. Kitabxana və tədris resurslarımızı müasir texnologiyalarla zənginləşdirərək, elektron kitablar və jurnallarla tələbələrimizin elmi tədqiqatlarını dəstəkləyirik.

Laboratoriyalarımızda müasir avadanlıqların tətbiqi ilə tədqiqat imkanlarını genişləndiririk, idman obyektlərimizi inkişaf etdirərək tələbələrimizin fiziki inkişafını təmin edirik.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Universiteti bitirən məzunların iş təminatı hansı səviyyədədir?

- Universitetin Karyera mərkəzi sənaye tərəfdaşları ilə sıx əməkdaşlıq edir ki, tələbələrimiz təhsil müddətində təcrübi biliklər qazansınlar və məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkməsinlər.

Məzun yarmarkaları və işə qəbul tədbirləri təşkil edərək, məzunlarımızı yerli və beynəlxalq iş bazarına təqdim edirik. Bununla yanaşı, sənaye şirkətləri və dövlət qurumları ilə əməkdaşlıq edərək, məzunlarımız üçün geniş iş imkanları yaradırıq. Həmçinin ADAU-nun müxtəlif sektorlarla əlaqələri və davamlı tədris proqramları məzunlarımızın əmək bazarında yüksək tələbatla qarşılanmasına şərait yaradır.

Təkcə bu il Universitetimizdə keçirilən 16-cı “Karyera Sərgisi-2024” sərgisində 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunub. Tələbələr müəssisə və təşkilatlarla birbaşa əlaqə yarada bilib.

Hazırda “Grand Aqro” şirkətinin dəstəyi ilə ali məktəbdə təlim mərkəzi yaradılıb. MKT şirkəti isə cari ilin sonuna qədər müasir tədris-təlim laboratoriyasını bütün lazımi avadanlıqlarla təchiz edərək tamamlamağı planlaşdırır. Həmçinin universitetdə təşkil olunan elmi konfranslara sponsor olaraq dəstək göstərilir.

Bütün bu addımların nəticəsi olaraq, ADAU məzunları iş bazarında uğurla yer alır və karyeralarını qurmaqda müvəffəq olurlar.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Bu gün dünya universitetlərinin reytinqi tərtib ediləndə hətta kadr hazırlığından da öndə gələn kitabxanalardır. Sizcə, biz bu gün universitetlərimizdə o kitabxananı tam formalaşdıra bilmişik və yaxud bunula bağlı ADAU gələcək üçün nə düşünür?

- Azərbaycan Dövlət Aqrar Universiteti müasir tələblərə cavab verən bir kitabxana sisteminin yaradılmasına xüsusi diqqət yetirir. ADAU-nun əsas kitabxanası 1929-cu ildən fəaliyyət göstərir və müasir informasiya texnologiyaları ilə təchiz edilib. Kitabxanada 600 mindən çox kitab və nəşr, həmçinin yüksək sürətli internet və digər elektron resurslar mövcuddur. Universitetin kitabxanası yalnız tədqiqat və təhsil materiallarının saxlanılması deyil, həm də elektron kitabxana xidmətləri ilə zənginləşdirilib. Bu müasir yanaşmalar kitabxananın gələcəkdə daha da inkişaf etdirilməsi və tələbələrin daha yüksək keyfiyyətli təhsil alması üçün böyük bir baza yaradılmasına imkan verir.

Gələcəkdə ADAU kitabxanası təhsil resurslarının daha geniş spektrini təqdim etmək və beynəlxalq tələblərə uyğun şəkildə daha çox məlumat bazası ilə təmin olunmaq məqsədi ilə yeni layihələr üzərində işləyir.

Eyni zamanda tədqiqatçıların beynəlxalq kitabxanalara giriş imkanları alması da vacibdir. Beynəlxalq resurslardan istifadə etmək üçün işlər davam etdirilir.

Xüsusi vurğulamaq istərdim ki, hazırda univesitetdə kitabların elektronlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu günə kimi 2000-nə yaxın kitab artıq elektronlaşdırılıb. Tələbə evlərində fəaliyyət göstərən kitabxananın fəaliyyəti axşam saat 10-a kimi artırılıb. Gələcəkdə kitabxananın fəaliyyətinin dayanıqlı olmasını təmin etmək məqsədilə tərəfimizdən işlər davam etdirilir.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Bayaq dünya universitetlərinin reytinq cədvəlini xatırladıq. Sizcə, rəhbərlik etdiyiniz təhsil ocağı aparıcı universitetlərlə rəqabət aparmaq üçün hansı məqamlara diqqət yetirilməli, hansı zəruri addımlar atılmalıdır?

- Tədris keyfiyyətinin artırılması, müasir təhsil metodlarının tətbiqi və rəqəmsal texnologiyaların gücləndirilməsi ilə təhsil prosesini daha səmərəli etmək vacibdir. Beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tədqiqat və innovasiyaların sənaye ilə əlaqələndirilməsi, eləcə də tələbələr və məzunlar üçün iş imkanlarının yaradılması universitetin beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək. Bu fikirlər fəaliyyətə başladığım ilk gündən etibarən prioritetlərimdən olub və bu istiqamətdə uğurla irəliləyirik.

ADAU, həmçinin ictimaiyyətlə əlaqələr və brendinq sahələrinə diqqət yetirərək beynəlxalq tədbirlərdə iştirakını artırmaq, müvəffəqiyyətlərini daha geniş auditoriyaya təqdim etmək üçün operativ olaraq çalışır. Bu addımlar universiteti həm yerli, həm də beynəlxalq səviyyədə daha rəqabətədavamlı edəcəkdir.

Nəzərinizə çatdırım ki, Azərbaycan Dövlət Aqrar Universitetinin milli H-indeksi son açıqlamaya əsasən 11 olub. Qeyd edək ki, müvafiq reytinqin altı ay öncəki açıqlamasında universitetin milli H-indeksi 7 olaraq hesablanıb. Nəticə etibarı ilə 6 ay müddətində universitetin milli H indeksinin 4 vahid artıb. ADAU-nun “Scopus” üzrə H-indeksi 12, “Web of Science” üzrə 10, “Google Scholar” üzrə isə 24-ə bərabər olub. Eyni zamanda, sözügedən platforma “Google Scholar” məlumatları (istinad və h-indeksi) əsasında hazırlanan Azərbaycanın ən reytinqli 1000 elm adamı siyahısını da açıqlayıb. Bu siyahıda Aqrar Universitetin 6 əməkdaşı da yer alıb.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Pedaqoq-tələbə, rəhbər-işçi münasibətlərinin müxtəlif modelləri mövcuddur. Siz hansılara üstünlük verirsiniz? Tələbələrlə, professor-müəllim kollektivi ilə dost olmağa çalışırsınız, yoxsa daha çox zəhmli, sərt rektor imicinə sadiqsiniz?

- Universitetdə pedaqoq-tələbə və rəhbər-işçi münasibətlərində müxtəlif yanaşmalar mövcuddur. Mənim ən böyük məqsədim tələbələrlə və müəllimlərlə qarşılıqlı hörmət və anlaşma içərisində işləməkdir. Rektor olaraq, sərt olmaq lazım gəldikdə sərt və tələbkar ola bilərəm, amma bu, yalnız universitetin inkişafını təmin etmək və məqsədlərimizə çatmaq üçün lazımi olan hallarda baş verir.

Əslində, mən tələbələrimlə və professor-müəllim kollektivi ilə dost münasibətləri qurmağı daha çox üstün tuturam. Belə münasibətlər daha açıq, səmimi və məhsuldar bir mühit yaradır. Bir universitetin uğuru yalnız idarəetmə strukturlarının gücündən deyil, həm də hər kəsin bir-birinə hörmətlə yanaşmasından və müsbət əməkdaşlıqdan asılıdır. Mən, rəhbər olaraq, universitetin inkişafını yalnız cəmiyyətdəki dəyişikliklərə uyğun şəkildə qurmağı hədəfləyirəm.

Bununla yanaşı, bəzi məsələlərdə zəhmli və sərt rəhbərlik tərzi də tələb oluna bilər. Amma əsas məqsədim universitetin uğurudur və tələbələrə, müəllimlərə ən yaxşı şəraitdə xidmət göstərməkdir. Gələcəkdə ADAU-nun beynəlxalq səviyyədə tanınan, hər bir tələbəsinin və müəlliminin qürur duyduğu bir təhsil ocağı olmasını istəyirəm.

- ADAU-da öz ixtisasını düzgün seçə bilməyən tələbə problemi var?

- Universitet olaraq, biz tələbələrin karyera inkişafına dəstək vermək və onların güclü tərəflərini nəzərə alaraq doğru ixtisası seçmələrinə kömək etmək üçün müxtəlif proqramlar və təlimlər təşkil edirik. Tələbələrə təhsil aldıqları sahə ilə bağlı məsləhətlər verilir və onların peşəkar yönləndirilməsi üçün fərdi yanaşmalar tətbiq olunur.

Regionda yaşayan abituriyentlərə müxtəlif seminarlar və məsləhətləşmə sessiyaları keçirilir ki, tələbələr öz maraqları və gələcək karyera məqsədlərinə uyğun seçim edə bilsinlər.

Sevindirici haldır ki, universitetimizdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəz Gəncə və ətraf rayonlardan olan şagirdlərə və abituriyentlərə ixtisas seçimində, eləcə də digər vacib sualların cavablandırılmasında və məsələlərin həllində böyük dəstək göstərir.

- Müasir universitetlərdə tədrisin təşkili zamanı bir çox dəyişikliklər baş verib. Belə ki, tədris təşkili daha çox 49% auditoriyada, 51% isə auditoriya xaricində – texnoparklarda, teknopolislərdə və s. həyata keçirilir. ADAU-da bu məsələ necə tənzimlənir?

- Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili müasir tələblərə uyğun olaraq həm auditoriya daxilində, həm də auditoriya xaricində həyata keçirilir. Tədris prosesində auditoriya xaricindəki fəaliyyətlərə xüsusilə diqqət yetirilir, çünki müasir universitetlərdə tədrisin əsas hissəsi yalnız dərslərdə deyil, həm də müxtəlif praktik sahələrdə və texnologiya mərkəzlərində təşkil edilir.

Tədris prosesində tələbələr laboratoriyalarda müasir avadanlıqlarla təcrübələr aparır, bu isə onların nəzəri biliklərini real həyatda tətbiq etməyə kömək edir. Laboratoriyalar və təcrübə bazaları, kənd təsərrüfatı, aqrotexnologiya, ekologiya, heyvandarlıq və digər sahələr üzrə tələbələrə praktiki təlimlərdə iştirak etmək, elmi tədqiqat aparmaq və yeni texnologiyaları öyrənmək imkanı yaradır.

Eyni zamanda, ADAU-da tətbiq olunan tədris proqramlarında praktik məşğələlər xüsusi əhəmiyyət kəsb edir. Tələbələr sahələrdə və təsərrüfatlarda təcrübə keçərək real iş şəraitində öyrəndikləri bilikləri tətbiq edirlər. Bu, həmçinin onların iş dünyasında uğur qazanmaq üçün zəruri olan praktiki təcrübəni əldə etmələrinə şərait yaradır.

- Tədris metodikasından danışırıq. Artıq bütün dünyada süni intellekt tək gündəlik həyata yox, təhsilə də inteqrasiya olunub. Tələbələr tapşırıqları süni intellekt vasitəsi ilə həll etməyə çalışırlar. Sizcə, süni intellekt təhsilə kömək edir? Yoxsa ziyan vurur?

- Süni intellekt təhsildə müasir dəyişiklikləri sürətləndirən bir alətə çevrilib və bu, həm faydalı, həm də düşüncəli yanaşma tələb edən bir məsələdir. Əlbəttə, bu texnologiya təhsilə böyük imkanlar təqdim edir. Tələbələrə daha sürətli məlumat əldə etmək, tapşırıqları daha effektiv şəkildə yerinə yetirmək və daha geniş məlumat bazasına çıxış təmin etmək imkanı yaradır. Amma, fikrimcə, burada diqqət etməli olduğumuz əsas məsələ bu texnologiyanın necə istifadə edildiyidir.

Təhsildə süni intellektin istifadəsi, doğru şəkildə tətbiq edildikdə, tələbələrin öz potensialını üzə çıxarmağa kömək edə bilər. Məsələn, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və ağıllı dərs proqramları tələbələrə fərdi yanaşma təmin edir, onların zəif tərəflərini daha dəqiq müəyyən edir və inkişaf etmələri üçün lazım olan məlumatları təqdim edir. Bu, təhsilin keyfiyyətini artırmaq və hər tələbənin öz sürətində irəliləməsi üçün mühüm rol oynayır.

Amma mənim üçün əsas olan süni intellektin təhsil prosesində insan amilini əvəz etməməsidir. Bu texnologiya dərsləri dəstəkləməli və müəllimlərin işini asanlaşdırmalıdır, amma heç bir halda müəllimin yerini tutmamalıdır. Süni intellektə həddindən artıq güvənmək tələbələrin öz bacarıqlarını inkişaf etdirməsinə mane ola bilər. Beləliklə, təhsildə süni intellektin istifadəsi müsbət olsa da, bu aləti təkcə müstəqil həllər tapmaq üçün deyil, tələbələrin kreativliyini və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə istifadə etməliyik.

Yəni süni intellekt təhsilə kömək edir, amma biz onu düzgün istiqamətləndirməliyik ki, faydalarından tam istifadə edək və potensial riskləri minimuma endirək.

“Dərsə davamiyyəti zəif olan tələbələrə xəbərdarlıq edildi, universitetdən uzaqlaşdırıldılar” – REKTORLA ÖZƏL MÜSAHİBƏ

- Sizin universitetiniz süni intellekti öz təhsil sisteminə inteqrasiya edirmi?

- Azərbaycan Dövlət Aqrar Universiteti olaraq, universitetin idarə edilməsində süni intellektin imkanlarından geniş istifadə edirik. "Digital ADAU" layihəsi çərçivəsində universitetin idarəetmə sistemlərini rəqəmsallaşdıraraq, süni intellekt texnologiyalarını tətbiq etməklə tədris və idarəetmə proseslərini daha da optimallaşdırmışıq. Bu yanaşma tədris fəaliyyətlərini və universitetin idarəetmə strukturlarını daha çevik və effektiv şəkildə idarə etməyə imkan yaradır.

Süni intellektin tətbiqi tələbələrimizin akademik fəaliyyətlərini izləməyi və onların inkişafını dəstəkləməyi asanlaşdırır. Akademik göstəricilərin təhlili, dərslərin avtomatlaşdırılması və tələbə-müəllim əlaqələrinin gücləndirilməsi kimi sahələrdə süni intellektin rolu əhəmiyyətlidir. Məsələn, süni intellekt sistemi tələbələrimizin fərdi inkişafını izləyir və tədris metodlarını onların ehtiyaclarına uyğunlaşdırmağa imkan verir.

Həmçinin universitetimizin idarəetmə strukturu süni intellektin dəstəyi ilə daha şəffaf və səmərəli hala gəlir. Rəqəmsal sistemlər vasitəsilə resurslarımızın idarəedilməsi, maliyyə və inzibati əməliyyatların optimallaşdırılması daha sürətli və dəqiq qərarların qəbul edilməsinə şərait yaradır.

- Maraqlıdır, universitetin büdcəsi necə idarə olunur və hansı sahələrə daha çox investisiya yatırılır?

- Aqrar Universitet büdcə idarəetməsi sahəsində şəffaf və effektiv yanaşmalar tətbiq edir. Universitetin büdcəsi əsasən təhsil, elmi tədqiqatlar, infrastrukturların inkişafı və sosial layihələrə yönəldilir. ADAU-nun büdcəsi həm də akademik fəaliyyətin təkmilləşdirilməsi, tələbələrə yönəlmiş proqramlar və gələcək inkişaf üçün strateji layihələrə ayrılır.

Son dövrlərdə təhsil və tədqiqat fəaliyyətlərinə sərf olunan vəsaitlər artırılaraq universitetin inkişafına yönəldilib. Eyni zamanda, elmi tədqiqatların, innovasiya fəaliyyətlərinin, müasir tədris metodlarının tətbiqi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi üçün də investisiyalar həyata keçirilir. Bu yanaşmalar ADAU-nu həm yerli, həm də beynəlxalq səviyyədə daha rəqabətədavamlı etmək məqsədini güdür.

- Universitetdə maliyyə çətinliyi olan tələbələrə dəstək proqramları varmı?

- ADAU tələbələrinin təhsilini daha əlçatan etmək və akademik uğurlarını dəstəkləmək üçün bir çox maliyyə dəstəyi proqramları təqdim edir. Məsələn, maliyyə çətinliyi yaşayan tələbələrə həm universitet, həm də Tələbə Həmkarlar İttifaqı tərəfindən müxtəlif təqaüd və dəstək imkanları təklif olunur. Bu, həm təhsil haqqını ödəmək, həm də təhsil müddətində tələbələrin elmi tədqiqatlarını inkişaf etdirmək üçün çox faydalıdır.

Eyni zamanda, ADAU özəl və dövlət sektorları ilə əməkdaşlıq edərək tələbələrinə əlavə maliyyə dəstəyi təmin edir. Bu əməkdaşlıqlar tələbələrə təhsil müddətində və sonrasında müsbət təsir göstərən maliyyə dəstəyi verir. Xüsusilə, “Erasmus+” kimi beynəlxalq proqramlar sayəsində tələbələr xaricdə təhsil alaraq həm elmi, həm də maliyyə baxımından böyük imkanlar əldə edirlər. Bu proqram tələbələrə xarici universitetlərdə təhsil alıb təqaüd qazanma fürsəti verir ki, bu da təhsilin maliyyə yükünü daha da yüngülləşdirir.

- ADAU Azərbaycanda kənd təsərrüfatı sahəsində ali savadlı mütəxəssis yetişdirən yeganə universitetdir. Sizcə rəhbərlik etdiyiniz təhsil ocağı bu məsuliyyətli missiyanın öhdəsindən 100 faiz gələ bilirmi? ADAU-nun bugünkü statusundan, mövqeyindən razısınızmı?

- ADAU-nun rəhbəri olaraq deyə bilərəm ki, bəli, kənd təsərrüfatı sahəsində ali savadlı mütəxəssislər yetişdirmək bizim ən böyük məsuliyyətimizdir. Və bu missiyanın öhdəsindən 100 faiz gəlmək, əlbəttə, böyük bir hədəfdir. Hər zaman belə düşünürəm ki, uğur yalnız keçmişin uğurlarına dayanmaqla deyil, daim inkişaf etmək və irəliləmək üçün göstərilən səy ilə ölçülür. Bizim universitetimiz bu sahədəki ən böyük təhsil müəssisəsidir, amma biz hələ çox şey etməliyik.

Hər gün üzərində çalışdığımız mövzular var: tədris proqramlarımızı modernləşdirmək, təhsil metodlarını inkişaf etdirmək, yeni texnologiyaları tətbiq etmək, beynəlxalq əməkdaşlıqları gücləndirmək. Və ən əsası, kənd təsərrüfatı sahəsindəki tələbələrimizi gələcəkdə uğurlu mütəxəssislər kimi yetişdirmək üçün hər fürsətdən istifadə edirik.

Bu prosesdə bizim məqsədimiz təhsil mühitimizi daha da yaxşılaşdırmaqdır. Yəni hələ çox yolumuz var, amma biz bu yolda böyük addımlar atırıq. Birlikdə, gələcəyin liderlərini yetişdirmək yolunda hər gün daha yaxşı olmaq üçün əlimizdən gələni edirik.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Təhsil idarəsinə TƏYİNAT

Bütün xəbərlər
Dünən, 17:03

Davulçu Aysel el şənliyində qolu gipsli iştirak edib

Bütün xəbərlər
Dünən, 16:30

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Bütün xəbərlər
Dünən, 16:07

Daha bir GƏNCƏLİ güləşçi Antalyada rəqib tanımadı

Bütün xəbərlər
Dünən, 15:25

Gəncədə qəzalı dam örtüyünün təmirinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:50

Gəncədə çayxananın fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 14:47

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:20

Gəncədə yük maşınları yolu zəbt edir

Bütün xəbərlər
Dünən, 13:07

Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI

Bütün xəbərlər
Dünən, 12:37

Təhsil idarəsinin "WhatsApp" kanalı istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 12:05

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün xəbərlər
Dünən, 10:33

Qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Bütün xəbərlər
Dünən, 09:34

Oğru evlərə belə girib… – GÖRÜNTÜLƏR

Bütün xəbərlər
14 aprel 2026, 18:21

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır

Bütün xəbərlər
14 aprel 2026, 18:00

Gəncədə uşaq attraksionları baxımsız vəziyyətə düşüb

Bizim fəxrimiz
14 aprel 2026, 17:24

Karateçilərimiz beynəlxalq turnirdən Gəncəyə 21 medalla qayıdırlar

Bütün xəbərlər
14 aprel 2026, 16:48

Gəncə Dövlət Milli Dram Teatrında yeni tamaşa hazırlanır

Bütün xəbərlər
14 aprel 2026, 16:15

Bu il qatarlara 18 dəfə daş atılıb

Bizim fəxrimiz
14 aprel 2026, 15:42

Gəncəli güləşçi Türkiyədə qızıl medal qazandı

Bütün xəbərlər
14 aprel 2026, 14:55

Gəncədə "Ford Transit" "Changan"ı vurdu

Bütün xəbərlər
14 aprel 2026, 14:10

Qoca Səmədovun oğlu azadlığa buraxıldı

Bütün xəbərlər
14 aprel 2026, 13:36

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
14 aprel 2026, 13:03

DİM gəncəli məktəblilərə metodik vəsait hədiyyə etdi

Bütün xəbərlər
14 aprel 2026, 12:32

İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Oxşar xəbərlər