10.3 C
Gence
10.3 C
Gence

Sərnişin avtobuslarının vəziyyəti ürəkaçan deyil

Gəncədə fəaliyyət göstərən avtobuslar yararsız vəziyyətdədir. Bu haqda 17 yanvar tarixində İctimai TV-yə istinadən xəbər veririk.

Şəhərdaxili avtobuslar sonuncu dəfə 12 il bundan əvvəl yenilənib. Problem orasındadır ki, heç o vaxt gətirilən nəqliyyat vasitələri təzə olmayıb. Ötən müddət ərzində isə tamamilə yararsız vəziyyətə düşüb. Bu hal isə nə sərnişinləri, nə də sürücüləri qane edir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə regional idarəsindən bildirilib ki, qurum yeni fəaliyyətə başlayıb və hal-hazırda təhvil-təslim prosesi aparılır. Artıq nəqliyyatın tənzimlənməsi və yenilənməsi ilə bağlı bir sıra layihələr də var.

“Xüsusi olaraq qeyd edim ki, Gəncə pilot layihə kimi seçilib. Yarımpilot layihəsinin burada icrası nəzərdə tutulur və daxili nəqliyyatın avtoparkının yenilənməsi həmişə gündəmdədir. Müəyyən xətlərin optimallaşması məsələsi var, nəqliyyat qovşaqlarının yaradılması məsələsi var, nağdsız ödəniş sisteminə keçirilməsi məsələsi var. Bunlar da, təbii ki, mərhələli şəkildə keçiriləcək”, – deyə agentliyin Gəncə regional idarəsinin müdiri Müzadil Həsənov bildirib.

Qeyd edək ki, Gəncə şəhərində gündəlik olaraq müntəzəm 32 xətt üzrə 270 avtobus sərnişindaşımaya cəlb olunur. İlkin olaraq isə 4 xətt üzrə avtobusların yenilənməsi gözlənilir. Daşıyıcıların qarşısına da tələblər qoyulub ki, xətlərə orta tutumlu, sağlamlıq imkanları məhdud insanların rahat istifadə edə biləcəyi nəqliyyat vasitələri cəlb olunsun.

Ən Çox Oxunan