Gəncənin ən əsas problemlərindən biri asfalt örtüyüdür. Bu haqda 1 aprel tarixində Baku TV-yə istinadən məlumat veririk.
Gəncənin müxtəlif yerlərində nahamar, dağılıb təmir edilməmiş, bəzən isə yararsız təmir edilmiş xeyli küçə var. Yolların baxımsız hala düşməsinin əsas səbəblərindən biri şəhərdə illərdir icra olunan su-kanalizasiya layihəsidir. Belə ki, layihə çərçivəsində kanalizasiya xətti çəkilmiş yolların öz əvvəlki halına uyğun bərpa edilməsi nəzərdə tutulsa da, görülən işlərdən sonra, təəssüf ki, bu cür mənzərə ilə qarşılaşırıq: Asfalt örtüyü ya bərpa olunmur, ya da natamam və keyfiyyətsiz bərpa olunur.
Bəzi yerlərdə isə təmir işləri o qədər keyfiyyətsiz aparılıb ki, vurulan asfalt örtüyü qısa müddət ərzində çöküb. Kanalizasiya xətlərinin çəkilişi üçün qazılmış yolların bəzisi, ümumiyyətlə, bərpa edilməyib.
Gəncə yollarının bir başqa problemi asfalt örtüyünün hansısa kommunikasiya xəttinin çəkilməsi məqsədilə qazıldıqdan sonra bərpa edilməməsidir. Bu, bəzən kommunal xidmətləri həyata keçirən təşkilatlar, bəzən isə xüsusi razılıq əsasında yol kənarında yerləşən obyektlər tərəfindən keçirilir.
Məhəllələrarası yolların problemlərindən isə heç danışılası deyil. Yaşı on illərlə ölçülən bəzi yaşayış məhəllələrində küçələr asfaltı sonuncu dəfə sovet dönəmində görüb.
Gəncə ŞİH-dən bildirilib ki, açıq kommunal infrastruktur layihəsi çərçivəsində işlər başa çatan ərazilərdə asfaltlanma mərhələli şəkildə həyata keçirilir. İndiyədək bu çərçivədə 30 küçə təmir edilib, 50 küçənin asfalt örtüyü yenilənib. Işlər bundan sonra da şəhər ərazisində, həmçinin məhəllələrarası yollarda davam etdiriləcək, küçə işıqlandırma sistemləri qurulacaq, çoxmərtəbəli binaların həyətində yeni abad məhəllələr salınacaq.