Gəncədə bir sıra ərazilər gecə işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mahrasa bağı yaşayış massivindən, Mirzə Abbas Abbaszadə küçəsində Cavad Xanın Dəftərxanasının ətrafı, Əttarlar küçəsinin 2 döngəsi və Fətullah Həsənov küçəsindən gedir. Bu ərazilərin bəzilərində küçə işıqlandırılması sistemi mövcud deyil. Digərlərində isə işıq dirəklərinin olmasına baxmayaraq, axşam saatlarında həmin yerlər işıqlandırılmır.
“Fətullah Həsənov küçəsində 20-yə yaxın işıq dirəyi var. Amma əksəriyyəti işıqsızdır. Küçənin bir hissəsində Köhnə Səbiskar qəbiristanlığı yerləşir. Ərazi işıqlandırılmır deyə qəbirlərin yanındakı güldanları oğurlayırlar”, – sakinlər bildirirlər.
Mahrasa bağının sakinləri qeyd edirlər ki, əksər binaların həyətləri işıqlandırılmır. Bu da onlar üçün çətinliklər yaradır.