Gəncə küçələrində işıqlandırma sisteminin quraşdırılması ilə bağlı icra edilən layihə carı ilin sonuna kimi başa çatdırılacaq. Bu haqda məlumat 20 iyun tarixində Gencexeber.az-a daxil olub.
Gəncə şəhər İcra Hakimiyyətindən daxil olan məlumata əsasən, Nizami yurdunda kabel xətlərinin çəkilməsi və işıq dirəklərin quraşdırılması prosesinin böyük bir hissəsi yekunlaşıb. Sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq qismən istifadəyə verilib.
Layihədə işlər üç – A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basdırlması) kateqoriyaları üzrə aparılır. Layihənin cari ilin sonunadək icra olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərinin işıqlandırılması tam təmin olunacaqdır.
Qeyd edəki ki, layihədə ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulub.