Gəncə-Hacıməlik yolundan istifadə edən sürücülər asfalt örtüyündən narazıdırlar. Bu haqda məlumatı avqustun 20-si Xəzərxəbər-ə istinadən veririk.
İşlə əlaqədar tez-tez Gəncəyə gedib-gələn Göygöl rayonunun Hacıməlik qəsəbə sakinlərinin çoxu 18-19 kilometr olan asfalt yolu yox, təxminən 4 kilometr olan torpaq yolu seçmək məcburiyyətində qalırlar.
Yolun illərdir baxımsız və çala-çuxurlu olmasına baxmayaraq, sakinlər yanacağa və zamana qənaət edirlər.
Qəsəbədə yaşayanlar deyirlər ki, tək qəsəbənin yox, ətraf 5 kəndin sakinləri də bir çox hallarda bu yoldan istifadə edirlər.
Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yolun bərpası mümkün görünmür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə deyilib ki, həmin yol qurumun balansında deyil.