25.6 C
Gence
19.5 C
Ganja

6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Gecə 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı iyulun 2-si Report-a istinadən veririk.

Hadisə iyulun 1-i saat 23:00 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində baş verib. Gəncə istiqamətində hərəkət edən “Vaz 2107” markalı avtomobil sürətli yola çıxarkən magistralda hərəkətdə olan “Daf” markalı iritonnajlı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı vəfat edən şəxslər haqda bəzi məlumatlar bəlli olub. Belə ki, minik avtomobilini Samux rayonunun Sərkər kənd sakini 28 yaşlı Orxan Hümbətov idarə edib. Gəncin sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.

Qəza zamanı avtomobildə sürücü ilə yanaşı onun 26 yaşlı həyat yoldaşı Sona Hümbətova, 3 yaşlı oğlu İbrahim, qohumları – Bakı sakini 22 yaşlı Fidan Nemətli, Gəncə sakini 13 yaşlı Aylin Yusifova və Goranboy sakini 21 yaşlı Elsevər Şahməmmədov olublar. Hadisə, onlar birgə istirahətdən qayıdarkən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.