Əslən Gəncəli gənc Finlandiyada müsabiqədə iştirak edir. Bu haqda Gencexeber.az 3 aprel tarixində məlumat verir.
Finlandiyanın Helsinki şəhərində yaşayan soydaşımız, 18 yaşlı Mona Savoyifar “Voice of Finland” (“Finlandiyasının Səsi”) beynəlxalq televiziya müsabiqəsinə qatılıb. Müsabiqədə iştirak edə biləcəyi xəbərini gənc Mona Bakıda yay tətilində olduğu vaxt alıb.
Gənc həmyerlimiz “Görmədən seçimlər”də Finlandiya müğənnisi Anna Puunun komandasında olmağa üstünlük verib və növbəti mərhələyə keçib. “Qarşıdurma”larda Mona rəqibi ilə bilikdə “Ain’t no mountain high enough” mahnısını ifa edib. Burada Anna Puu Mona ilə yarışı davam etdirmək qərarını verib. Yaxın günlərdə 18 yaşını qeyd edən soydaşımıza ustadı sürpriz edib. Anna Monanı münsiflər heyətinin kreslosuna əyləşdirərək digər ustadlarla birgə “Happy birthday” mahnısını ifa edib.
Gənc təmsilçimizin sözlərinə görə, o müsabiqədə 4 tur keçib. Monanın buradaki mübarizəsi artıq başa çatıb.
Həmyerlimiz deyir ki, yayda Gəncəyə nənəsigilə gəlir.
“2020-ci ildə, müharibə başlayanda mənim 15 yaşım var idi. Anam məni və qardaşımı vətənpərvər ruhda böyütmüşdü. O vaxt nədənsə Finlandiyada həqiqətləri çatdıran yox idi. Mən bunun üçün çox səylər göstərdim. Və bir gün, nəhayət, bunu bacardım. Məşhur yerli qəzetlərdən birində “Xocalıya Ədalət” məqaləmi yazdım və çap etdirdim. Bundan başqa mitinqlərdə fəal iştirak edirdim. Oxuduğum liseydə Azərbaycanımın mədəniyyətini tanıdıram. Hətta xalamın Gəncədən gətirdiyi paxlavanı uşaqlara və müəllimlərə paylamışdım. Keçən il məni diaspormuz Şuşaya dəvət etdi və mən oranı ziyarət etdim”, – deyə 18 yaşlı Mona bildirib.
Gəncin sözlərinə görə, o gələcəkdə Avroviziya musiqi yarışmasında çıxış etmək istəyir.
Gəncəxəbər.az redaksiyası olaraq soydaşımız Mona Savoyifara gələcək həyatında uğurlar və nailiyyətlər arzu edirik!