Gəncədə elmi konfrans baş tutub. Bu haqda 27 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Gəncə Dövlət Filarmoniyasında keçirilən konfrans Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar təşkil olunub. ŞBX-nin direktoru İlkin İsmayılov ilk olaraq iştirakçıları salamlayıb, konfrans haqqında qısa məlumat verib.
Daha sonra Z. Məmmədov adına xəstəxananın şöbə müdiri Azər Məmmədov Zərifə Əliyevanın həyat və yaradıcılıq yolu haqqında danışıb. Həkim-oftalmoloq Tələt Nəbiyev “Katarakt – risk faktorları, müasir əməliyyat metodları” mövzusu ətrafında çıxış edib, təcrübələrini paylaşıb. Oftalmoloji şöbənin həkim-oftalmoloqları Ruhiyyə Məmmədova “Diabetik retinopatiya: müasir yanaşma”, Anarə Hüseynova isə “Miopiya, simptomlar, müalicə üsulları” barədə məlumat verib, fəaliyyətləri dövründə bu mövzularda rastlaşdıqları məqamları diqqətə çatdırıblar.
Konfransda Milli Oftalmologiya Mərkəzinin Gəncə Filialının şöbə müdiri Qafar Tağıyev də iştirak edib. O, “Torlu qişanın qopması” barədə fikirlərini bölüşüb. Gəncə Beynəlxalq Xəstəxanasının həkim-oftalmoloqları Anıl Resmi, Fuad Hidayətov da konfransda aktual mövzularla çıxış ediblər. Anıl Resmi “Diabetik retinopatiya”, Fuad Hidayətov isə “Keratitlər” mövzuları barədə danışıblar.