20.3 C
Gence
15.5 C
Ganja

Yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanmanın təfərrüatları məlum olub

Gəncədə dekabrda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Bu haqda 30 avqust tarixində Oxu.az-a istinadən məlumat veririk.

Hadisə 4 dekabr 2021-ci ildə “Lukoil” yanacaqdoldurma məntəqəsində baş verib. Vüsal Məmmədov (soyad şərtidir) adlı şəxsi bıçaqlayan Nigar Qafarova (ad-soyad şərtidir) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə danışan qadının sözlərinə görə, o, “Lukoil”-da xadimə işləyib. Hadisədən bir müddət öncə həyat yoldaşı ilə ayrılıb və övladlarından biri onunla qalıb. Qadın işdən evə və azyaşlı uşağını bağçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən yolunun kənarında avtostopdan istifadə edib.

Hadisə baş verən gün o, “Mercedes-Benz” markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş edib. Sürücü Vüsal Məmmədov özünü hərbçi kimi təqdim edib və qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib. O, lazım olduqda, Nigarı apara biləcəyini deyib.

Həmin vaxt Vüsal qadına “bacı” deyə müraciət edib. Günorta kişi Nigara zəng edərək ona əxlaqsız təkliflər edib və onu hotelə çağırıb. Bundan başqa o, evli olduğu halda, özünü boşanmış kimi təqdim edib.

Təklifdən qəzəblənən qadın qisas almaq istəyib. Vüsala “hə” deyərək onu hoteldə bıçaqlamağı düşünüb. Evdən çıxan zaman çantasına bıçaq qoyan Nigar kişini görüşə çağırıb. Daha sonra fikrini dəyişərək, bıçaqlanmanı yanacaqdoldurma məntəqəsində törətməyi qərara alıb. “Lukoil”-a çatan zaman Nigar əvvəlcə Vüsalın bədəninin sağ nahiyəsinə iki, daha sonra isə sağ bud nahiyəsinə dörd-beş bıçaq zərbəsi vurub. Bu zaman sürücü maşından düşərək qaçıb. Nigar isə əsəbini avtomobilə zərər vurmaqla soyutmağa çalışıb.

Hadisədən sonra qadın oğlunu bağçaya qoyub, yanacaqdoldurma məntəqəsinə gəlib və təmizlik işləri aparıb. O, polis bölməsinə gedərək bir nəfərin ona əxlaqsız təkliflər etdiyi üçün onu bıçaqladığını bildirib.

“N” saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə qadının sözlərini inkar edib.