17.5 C
Gence
17.5 C
Gence

Yanğın zamanı 148 nəfər təxliyə olunub

Gəncədə icra başçısı yanğın baş verən tibb müəssisəsini ziyarət edib. Bu haqda 26 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Abbas Səhhət adına xəstəxanada baş verən yanğın hadisəsi barədə məlumat vermişdik. Niyazi Bayramov da İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə əraziyə gəlib. Şəhər rəhbərinə məlumat verilib ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın baş verib və tüstülənmə olub. Tüstü xəstəxana binasının 5 mərtəbəsinə də yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

58 nəfər xəstə və 90 nəfər xəstəxananın tibbi personalı təxliyə edilib. Hadisənin səbəbi araşdırılır. Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Bundan başqa tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan ikisi Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, biri isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.

Hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Ən Çox Oxunan