Bu gün Vətən müharibəsi şəhidinin ev-muzeyinin açılışı olub. Bu haqda Gencexeber 27 oktyabr tarixində məlumat verir.
Muzey Elməddin Namazovun yaşadığı evdə ərsəyə gəlib. Burada otaqların tavanında Azərbaycan bayrağı, divarlarında isə igidimizin şəkilləri əks edilib. Muzeydə Elməddinin keçdiyi həyat yolundan bəhs edən şəxsi əşyalar, şəkillər toplanmışdır.
Açılış mərasimində Samux rayon icra başçısı Alı Qocayev və icra nümayəndələri, media işçiləri, qohumlar və qonşular iştirak ediblər.
Elməddin Nəsib oğlu Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olub. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. Müharibə zamanı iki dəfə yaralanmasına baxmayaraq, cəbhədən geri dönməyib. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 27 oktyabrda Gəncə Şəhidlər xiyabanında dəfn edilib.