Gəncədə universitet rəhbərliyi Qəbələyə səfər edib. Bu haqda 7 aprel tarixində UTECA-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və Qida mühəndisliyi fakültəsinin əməkdaşları Qəbələ rayonunda yerləşən Qəbələ Konserv Zavodu və “Aspi Winery” Üzüm Emalı Zavoduna baş çəkiblər. Səfər çərçivəsində ATU-nun heyəti müəssisələrin infrastrukturu, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.
Görüşdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Daha sonra ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla “Aspi Winery” Üzüm Emalı Zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar.
Həmçinin Qəbələ Konserv Zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib.