Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri gözlənilmədən Gəncədə yerləşən uşaq evlərinə baş çəkiblər. Bu haqda məlumatı Modern.az-a istinadən iyunun 4-ü veririk.
Tədbir “İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutub. Qrup üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Gəncə şəhər uşaq evinə və Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya gəliblər.
Müəssisələrin korpuslarına, yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına, tibb otağına və digər yerlərə baxışlar keçirilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, burada çalışan psixoloq və digər ixtisaslı mütəxəssislərlə, həmçinin uşaqlarla təsadüfi seçim əsasında fərdi və qrup şəklində söhbətlər aparılıb.
Məqsəd həmin müəssisələrdə yaşayan müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarın, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.
Bu müddət ərazidə aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.