Gəncədə polis əməkdaşlarının avtomobillərin birinə qanunsuz daxil olması barədə xəbər yayılıb. Bu haqda Gencexeber.az-a 22 fevral tarixində məlumat daxil olub.
Ötən gün sosial şəbəkələrdə sakinlərdən biri duracağa yerləşdirilən avtomobilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının qanunsuz daxil olması, maşında olan əşyaların itməsi ilə bağlı video yayıb. Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov redaksiyamıza açıqlama verib. Bildirib ki, bu iddialar əsassızdır və böhtan xarakterlidir.
“Fevralın 12-də şəhər sakini Yasin Xəlilovun özünə məxsus “VAZ 21144″ markalı avtomobili qabaq qeydiyyat nişanının olmaması və avtomobilə qanunsuz konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılaraq SİQNAL İdarəsinə məxsus müvəqqəti duracağa yerləşdirilib. Sahibi maşınında olan lazımi əşyaları götürdükdən sonra idarənin əməkdaşları avtomobili qəbul ediblər. Sözügedən duracaq həm əməkdaşlar tərəfindən, həm də təhlükəsizlik kameraları ilə mühafizə olunur, avtomobil sahiblərindən başqa, heç kəs həmin əraziyə buraxılmır”, – deyə baş inspektor vurğulayıb.
Qurum rəsmisi qeyd edib ki, vətəndaşa və ya onun hüquqlarını müdafiə edən hər bir kəsə avtomobilin orada olduğu müddətdə olan görüntüləri təqdim oluna bilər. “Əfsuslar ki, bəzən sürücülər özlərini məsuliyyətdən azad etmək üçün bu yola müraciət etsələr də, bilməlidirlər ki, heç bir nəticəsi olmayacaq və barələrində qanunamüvafiq tədbir görüləcək”.