Gəncədə xəstənin yaxınları kiçik tibb bacısını döyüblər. Bu haqda məlumatı avqustun 13-ü Report-a istinadən veririk.
Hadisə şəhərin Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. Xəstə baxıcısı kimi çalışan 31 yaşlı Tamara Əliyeva bir qrup şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Birdirilib ki, müalicə alan xəstənin vəziyyəti pisləşmişdir. Bu səbəbdən o reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstənin yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar, lakin onlara icazə verilməyib.
Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər orada gözləyəcəklərini deyiblər. Bunu görən T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstənin yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və orada onu döyərək xəsarətlər yetiriblər.
Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.
Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.