“StartupFest Gəncə” layihəsi başa çatıb. Bu haqda 16 may tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən məlumat veririk.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən “StartupFest Gəncə” proqramının final tədbiri keçirilib. Agentliyin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.
Burada Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri MakDeyqan, Gəncədə yerləşən ali məktəblərin rəsmiləri də çıxış ediblər. Bildirilib ki, tədbirin şəhərimizdə keçirilməsi məhz region gəncləri üçün innovativ düşüncə tərzinin formalaşdırılması, qlobal trendlərin izlənilməsi və startap ekosisteminin inkişafı baxımından önəmli xarakter daşıyır.
Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriliblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.