25.5 C
Gence
17.5 C
Ganja

Serjant özünü “general” kimi təqdim edərək dələduzluq edib

Gəncədə polis işçisi dələduzluq edib. Bu haqda 12 sentyabr tarixində Qaynarinfo.az-a istinadən məlumat veririk.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə baxılıb.

Məlum olub ki, polis serjantı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan şəxsin cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, həmçinin cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, ondan 13.000 manat alıb.

Bundan başqa, o, qohumuna geniş əlaqələrinin olmasını və həmin şəxsin Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd verərək, 2021-ci ilin fevral ayında ondan 6500 manat götürüb.

Başqa bir şəxsə daxili işlər orqanlarına müvafiq vəzifəyə düzəldəcəyini deyərək, 2021-ci ilin aprel ayının əvvəllərində 7800 manat pul alıb. Daha sonra müxtəlif vəzifələrə təyin edəcəyini deyərək Mikayıl Salmanovdan 10.000, Abbasqulu Salmanovdan 4000, Ülvi Aslanovdan isə 3000 manat götürüb.

Polis serjantı bundan başqa, əminlik və inam yaratmaq üçün aldatdığı bir neçə nəfərə özünü “Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi”, “general” kimi təqdim edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan və 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.