Gəncədə yaşayan Türkiyə vətəndaşları seçkilərdə səs verə biləcəklər. Bu haqda 31 mart tarixində Türkiyənin Baş Konsulluğuna istinadən məlumat veririk.
Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Şəhərimizdə yaşayan seçicilər və qeydiyyatını yeniləmək istəyən türk vətəndaşları aprelin 2-dək Gəncədə yerləşən Baş konsulluğa müraciət etməlidirlər.
Konsulluq 1 və 2 aprel, yəni şənbə və bazar günləri də açıq olacaq. Vətəndaşlar “E-dövlət” və “YSK Çağrı Mərkəzi”ndə öz adlarını seçici siyahılarından yoxlamalıdırlar. Əgər onların ünvanları Türkiyədə görünürsə, konsulluğa gələrək bu məlumatları yeniləməlidirlər.
Gəncə ilə yanaşı, Şəmkir, Şəki, Bərdə, Ağcabədi, Zaqatala, Yevlax, Ağdaş, Tovuz, Mingəçevir, Gədəbəy, Balakən, Qazax, Göygöl, Oğuz, Daşkəsən, Naftalan və bütün Qarabağ bölgəsində yaşayan Türkiyə vətəndaşları Gəncə Konsulluğuna müraciət etməlidirlər.
Həmin vətəndaşlar 5, 6 və 7 may tarixlərində saat 9:00-dan 21:00-dək konsulluqda prezident və parlament seçkilərində səs verə biləcəklər.
Qeyd edək ki, seçkilər 14 mayda baş tutacaq.