Gəncədə təmir işləri üçün növbəti müsabiqə keçirilib. Bu haqda 9 noyabr tarixində Gancapost-a istinadən məlumat veririk.
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin küçə, prospekt və parklarında əsaslı təmir və abadlıq işlərinin və işıqlandırma sistemlərinin təmiri işlərinin satın alınması tenderi təşkil edib.
Nəticələrə əsasən, MKTİB “Vedi Construction” MMC, “ELVI.M.M. SERVICES GROUP” MMC və “Göygöl Tikinti” MMC ilə ümumi dəyəri 3 milyon 131 min 433,19 manat olan müqavilə bağlayıb.
Onlardan “ELVI.M.M. SERVICES GROUP” MMC ilə 1 milyon 623 min 552,89 manatlıq müqavilə şəhərin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satın alınmasını nəzərdə tutur. İşlər 31 mart 2024-cü ilə qədər yekunlaşdırılmalıdır.
“Vedi Construction” MMC ilə olan anlaşma şəhərin küçə və prospektlərində əsaslı təmir işlərinin satın alınmasını əhatə edir. Müqavilənin məbləği 897 min 240,78 manatdır. İşlər gələn ilin 31 dekabr tarixinədək başa çatdırılmalıdır.
“Göygöl Tikinti” MMC ilə bağlanmış 610 min 639,52 manat məbləğində müqavilədə şəhər ərazisində işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur. İşlər bu ilin 31 dekabrınadək yekunlaşdırılmalıdır.