Gəncədə küçə ticarəti ilə bağlı reydlər keçirilib. Bu haqda 30 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Yoxlamalarda İcra başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev iştirak ediblər. Reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib.
Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. İcra Hakimiyyəti başçısı Aparatının və Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını deyiblər.
Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirib və şəhərin ümumi görünüşünə xələl gətirdiyini qeyd ediblər.
Qanunsuz küçə ticarəti ilə məşğul olanlara protokollar tərtib olunub.