Gəncədə psixoloq olmaq istəyən şəxslər üçün imtahan keçiriləcək. Bu haqda 18 mart tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin keçiriləcəyi tarix bəlli olub. Namizədlər 1 aprel saat 10:00-da biliklərini sınayacaqlar.
İmtahan 16 nömrəli tam orta məktəbin binasında təşkil olunacaq. Test imtahanında iştirak etmək hüququ qazanmış namizədlərə məlumat veriləcək. Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 177 nəfər sənədlərini təqdim edib. Onların məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 100 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab olunub.
İştirakçıların imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməsi mütləqdir. Test imtahanı mərhələsində namizədlərə 40 psixologiya, 10 məntiq, 10 informatika üzrə olmaqla ümumillikdə 60 sual təqdim ediləcək. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt veriləcək.