21.4 C
Gence
20.5 C
Ganja

Petisiyanın həmmüəlliflərindən biri Kubra Ələkbərova: “Bu petisiyanın yaradılması sadə insanların təşəbbüsüdür”

Fransa Senatına ünvanlanmış “Nous sommes l’Azerbaïdjan” (Biz Azərbaycanıq) petisiyasının həmmüəlliflərindən biri olan Gəncə sakini Kubra Ələkbərova “Sputnik Azərbaycan” xəbər portalının məqaləsi ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 15 oktyabr tarixində İnsanoid-ə istinadən məlumat veririk.

“Mən, Kubra Ələkbərova və Azərbaycanın daha 9 sıravi vətəndaşı oktyabrın 11-də xalqımız adından Fransa Senatına və xalqına ünvanlanan petisiya yaratdıq.

Dünən, oktyabrın 14-də “Sputnik Azərbaycan” bu barədə xəbər paylaşıb, amma çox üzücü bir səhv buraxıb. Xəbərdə qeyd edilib ki, “Azərbaycan diasporu Fransa Senatının qətnaməsinə qarşı Azərbaycan xalqı adından petisiya yaradıb”.

Məsələ ondadır ki, bu petisiyanın yaradılması sadə insanların təşəbbüsüdür. Bizim üçün ən vacib olan odur ki, Fransada və ümumiyyətlə, bütün Avropada, nəhayət ki, sıravi azərbaycanlıların səsi eşidilsin və nəzərə alınsın, xüsusilə də “haradasa” – xaricdə yaşayan azərbaycanlıların yox, məhz öz ölkəsində, doğma Azərbaycanda yaşayanların.

Mən özüm Gəncədənəm və iki il əvvəl ermənilər tərəfindən atılan raket atəşlərinin bütün dəhşətlərini yaşamışam. İndi isə Fransa parlamentinin bəzi üzvləri Ermənistanı günahsız qurban rolunda təqdim edirlər! Məhz buna görə biz petisiyanın altında əsl adlarımızı və ünvanlarımızı qeyd etmişik. Biz gizlənmirik – biz real insanlarıq!

Söhbət təkcə məndən getmir. Öz şəxsi vaxtlarını sərf edərək petisiyanı sosial şəbəkələrdə yayan, öz vəsaitləri ilə QR-kodlu stikerlər hazırlayan, aksiyalar təşkil edən onlarla könüllüyə görə üzgünük.

Ola bilsin ki, “Sputnik” Azərbaycan–Fransa Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın sözlərini səhv şərh edib. Hər bir halda dünyanın istənilən nöqtəsində olan hər bir azərbaycanlıya bizim bu təşəbbüsü dəstəklədiyinə görə bir daha təşəkkür edirəm.

Petisiyaya tez və rahat səs vermək üçün təlimat buradadır (mütləq imzalayın, bir dəqiqədən də az vaxtınızı alacaq):https://insanoid.com/petisiya-imzalanmasi-azerbaycan- dilinde/.

Petisiyanı artıq 5000 nəfər dəstəkləyib. Və bir aydan sonra, noyabrın 15-i anti-Azərbaycan qətnaməsinin səsverməsi zamanı bizim on minlərlə səsimiz olarsa, Fransa, həmçinin digər Avropa İttifaqı ölkələri bizə qarşı etimadsızlıq edə bilməyəcək. Onlar bizi hesaba almağa məcbur qalacaqlar!

Fürsətdən istifadə edərək, “İnsanoid” xəbər portalına ayrıca təşəkkürümü bildirmək istəyirəm. O, bizim bu təşəbbüsə media sponsorluğu edir və mənim gözlədiyimdən də çox köməklik göstərir. Təşəkkür edirəm!

Gəncə sakini, Fransa Senatına ünvanlanmış petisiyanın həmmüəllifi – Ələkbərova Kubra”.