Gəncəli idmançılar çempionatda medallar qazanıblar. Bu haqda 3 aprel tarixində Güləş Federasiyasına istinadən məlumat veririk.
Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatı keçirilib. Burada sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində ümumilikdə 138 güləşçi gücünü sınayıb. Nizami yurdunun yetirmələri Bəşir Verdiyev və Əli Əliyev də həmin idmançılar arasında olublar.
Bəşir 48 kiloqram çəki dərəcəsində yarımfinalda Şöhrət Ocaqovu 10:0 hesabı ilə məğlub etdikdən sonra lənkəranlı Elruz Paşayevlə qarşılaşıb. Verdiyev son rəqibi üzərində 4:0 hesablı qələbə qazanıb.
Beləliklə, Bəşir Verdiyev öz çəki dərəcəsində birinci yerə çıxaraq qızıl medala layiq görülüb.
Əli Əliyev isə 55 kiloqram çəki dərəcəsində yarımfinalda Elcan İsmayılzadəni 16:6 hesabı ilə məğlub etsə də, finalda Hacı Kərimova 10:2 hesabı ilə yenilib.
Əliyev ölkə ikincisi olaraq gümüş medala layiq görülüb.