Nizami Gəncəvinin 100-dən çox əlyazmasının elektron versiyası ölkəmizə gətirilib. Bu haqda 10 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.
Dahi şairimiz Nizami Gəncəvinin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin ölkəmizə gətirilməsi Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində baş tutub. Sözügedən əlyazmalar dünyanın ən zəngin kitabxanalarında mühafizə olunur.
Bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq nadir kitablar fonduna daxil olunub. Onların arasında görkəmli şairimizin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən və Gəncəvinin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar edilib.
Bu gün, 10 yanvar tarixində həmin nadir nüsxələrin mütəxəssislərə, elmi və geniş ictimaiyyətə təqdimat mərasimi keçiriləcək.