Həmyerlilərimiz Qazaxıstanın paytaxtı Astanada yerləşən Fransa səfirliyinin qarşısında aksiya keçiriblər. Bu haqda 26 oktyabr tarixində AZfront Telegram kanalına istinadən məlumat veririk.
Azərbaycan Diasporunun fəalları 44 günlük Vətən müharibəsində Gəncənin raket atəşinə tutulması zamanı həlak olan uşaqların şəkilləri ilə Fransa səfirliyinin qarşısına çıxıblar. Onların əllərində “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi yazılar əks olunmuş transparantlar da olub.
Bundan başqa, aksiya iştirakçıları Fransa Senatına və xalqına ünvanlanan petisiyanın emblemi olan plakatları nümayiş etdiriblər.
Müxtəlif ölkələrdən olan həmfikirlər bir-biri ilə əlaqə yarada biliblər. Fəallar 19 oktyabr tarixində Moskvada keçirilən aksiyadan təcrübə götürərək səfirlikdən (şəkildəki qəhvəyi bina) daha uzaq məsafədə dayanıblar.
Qeyd edək ki, Moskvada keçirilən aksiya zamanı 4 qadın saxlanılmışdı. Onlar universitetdən qovulma, işdən çıxarılma və hətta deportasiya ilə hədələnsələr də, sonda yalnız inzibati cərimə ödəməli olublar.
Xatırladaq ki, sözügedən petisiyanı imzalamaqda çətinlik çəkənlər üçün videotəlimat hazırlanıb.
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq