Moskvadakı Fransa səfirliyinin qarşısında qadın və uşaqların iştirakı ilə aksiya keçirilib. Bu haqda oktyabrın 19-u AZfront Telegram kanalına istinadən məlumat veririk.
Sözügedən piket iştirakçıları əllərində İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə və ölkənin digər şəhərlərinə raket atəşi nəticəsində həlak olan uşaqların şəkillərini tutublar.
Transparantlarda “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin”, “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır” kimi şüarlar yazılmışdı. Piket iştirakçıları Fransa Senatına və xalqına ünvanlanan petisiyanın emblemini əks etdirən plakatlar da nümayiş etdiriblər.
Qeyd edək ki, aksiyada iştirak edən 4 qadın saxlanılıb. Onlardan 2-si Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları, 1-i isə Rusiya vətəndaşıdır. Sonuncusu isə daha öncə saxlanılan 3 qadından birinin bacısıdır.
Saxlanılanlar hazırda Moskva şəhərinin Yakimanka rayonunda yerləşən polis idarəsindədirlər. Burada onlarla normal davranıldığı və qadınlara qarşı şiddət göstərilmədiyi bildirilib.
Xatırladaq ki, sözügedən petisiyanı imzalamaqda çətinlik çəkənlər üçün videotəlimat hazırlanıb.
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq