Gəncəli tələbə oxuduğu universitetin tanıtımında iştirak edib. Bu haqda Gencexeber.az 19 aprel tarixində universitetə istinadən məlumat verir.
Bir müddət öncə şagirdimiz Toğrul Əhmədovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MGIMO) ödənişsiz əsaslarla qəbul olunması barədə məqalə paylaşmışdıq. Hazırda Toğrul MGİMO-nun Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə II kursda təhsil alır. O, həmçinin Azərbaycanlı tələbələrin ictimai təşkilatı sədrinin müavinidir.
İctimai təşkilat Azərbaycanda oxuyan abituriyentlər üçün tanıtım çarxı çəkib. Burada Nizami yurdunun yetirməsi ilə yanaşı, digər həmvətənlərimiz – Nihad Binnətzadə (Azərbaycanlı tələbələrin ictimai təşkilatının sədri), Aysu Qocayeva (Azərbaycanlı tələbələrin ictimai təşkilatı sədrinin müavini), Fatimə Qəhrəmanlı, Turan Həmidov, Ülviyyə Əhmədova, Nilufər Cəlilova da yer alıblar.
Onlar universitetdə təhsil həyatı, təşkil olunan tədbirlər, tələbə birlikləri, əməkdaşlıq etdiyi digər təhsil müəssisələri, tanınmış məzunları və İlham Əliyevin universitetə ayırdığı diqqətdən bəhs ediblər.