10.3 C
Gence
10.3 C
Gence

Kolbasa məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Gəncədə müəssisələrdən birinin fəaliyyəti məhdudlaşdırılıb. Bu haqda 28 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.

Agentliyin əməkdaşları şəhər ərazisində yoxlamalar keçiriblər. Nəticədə Yevlax şosesində fəaliyyət göstərən Mobil Əliyevə məxsus kolbasa məmulatlarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Burada istehsal üçün uyğun şəraitin olmadığı, istehsal sahəsinin təmirsiz vəziyyətdə saxlandığı, bütün xammal və inqrediyentlərin çirklənmədən mühafizə edilmədiyi, qablaşdırmada istifadə olunan materialların uyğunluq sertifikatlarının mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, “Elit” əmtəə nişanlı kolbasa məmulatlarının etiketlərində məhsulun tərkibi ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar müəyyən edilib.

Etiketdə istehsal prosesində mal ətindən istifadə olunması və məhsulun istehsalçısı barədə yanlış məlumatların qeyd olunduğu ortaya çıxıb.

Üzə çıxmış faktlarla bağlı  inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Ən Çox Oxunan