19.1 C
Gence
19.1 C
Gence

İki şəhidimizin mövlududur

Bu gün şəhidlər Nemət Həsənov və Natiq Əsədovun doğum günüdür.

Nemət Arif oğlu Həsənov 6 may 1974-cü ildə Gəncədə anadan olub. 4 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra ailəsinə kömək məqsədilə işləməyə başlayıb. Nemət Həsənov 1992-ci ildə hərbi xidmətə çağırılıb. Naxçıvanda 705 saylı hərbi hissədə xidmət edib.

Nemət Arif oğlu Həsənov 27 may 1994-cü ildə Sədərəkdə gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Natiq Əsəd oğlu Əsədov 6 may 1966-cı ildə Gəncədə anadan olub. 3 saylı orta məktəbi bitirdikdən sonra üç il Dəniz Silahlı Qüvvələrində xidmət edib. Qayıtdıqdan sonra isə Gəncə şəhərində Tikinti Trestində sürücü vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılıb. Ağdərə, Ağdam rayonlarının müdafiəsində iştirak edib. 1993-cü ilin əvvəllərində ehtiyata buraxılıb.

27 noyabr 1993-cü ildə Natiq könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə, Tərtər rayonlarının müdafiəsində igidlik göstərib.

Natiq Əsəd oğlu Əsədov 27 dekabr 1993-cü ildə Tərtər rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək yaralanıb. O, Bakı şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səyinə baxmayaraq, 6 yanvar 1994-cü ildə vəfat edib.

Ən Çox Oxunan