Gəncədə şəhid övladının ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Bu haqda Gencexeber.az-a 18 iyul tarixində məlumat daxil olub.
Redaksiyamız azyaşlının qohumlarından olan Nəsib Əliyevlə əlaqə saxlayıb. Ondan aldığımız məlumata görə, hadisə 5 yaşlı Hüseyn Cəfərli konfet kağızı ilə oynayanda baş verib:
“Birdən Hüseynin yanında olan digər uşaqlar dedi ki, kağız azyaşlının boğazında qalıb. Uşağı qusdurdular. Bundan sonra o, yemək də yeyib, su da içib. Azyaşlı yoxlanılması üçün 2 nömrəli uşaq poliklinikasına gətirilib. Orada kağızın uşağın boğazında olduğu bildirilib. Həkim qaşıqla kağızı çıxarmaq istəyəndə cığara nəfəs yoluna düşüb və uşaq boğulmağa başlayıb. Bu an həkim qaçmaq istəyib. Biz uşağı tez Mərkəzi Klinikaya çatdırdıq. Amma artıq gec idi, o, vəfat etmişdir. Hazırda həkim saxlanılıb”.
Bildirilib ki, uşağın boğazına cərrah Şahin Şirinov və uşaq həkimi Gülmira Əliyeva müdaxilə ediblər.
Uşaq xəstəxanasından Oxu.az-a verilən açıqlamada deyilir ki, həkimlər yardım ediblər, lakin xilas etmək mümkün olmayıb. TƏBİB-dən verilən məlumata əsasən, uşaq təcili olaraq həkimlər tərəfindən müayinə olunub və ona “mexaniki asfiksiya, tənəffüs yolunda yad cisim” şübhəsi ilə yardım göstərilib. Buna baxmayaraq, o, saat 22:20 radələrində vəfat edib.