Şəhid Orxan Əsgərov dəfn olunub. Bu haqda Gencexeber.az 30 yanvar tarixində məlumat verir.
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilib. Mərhumun nəşi Təzəpir məscidindən qardaşının Yasamal rayonunda yerləşən evinə gətirildikdən sonra torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına aparılıb. Burada baş leytenant Orxan Əsgərov dəfn olunub.
Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq, 3 dəfə yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı və digərləri iştirak ediblər.
Qeyd edək ki, Əsgərovun doğma şəhəri olan Gəncədə də yas mərasimi təşkil olunub.