Gəncə şəhər sakinlərinin yaşadıqları mənzillərə tanımadıqları şəxslər qeydiyyata düşüblər. Bu haqda məlumatı sentyabrın 30-da Xəzər Xəbər-ə istinadən veririk.
Söhbət şəhərin Nəriman Nərimanov küçəsi, 3-cü döngə ünvanında yerləşən 2-ci binadan gedir. Belə ki, orada yaşayan Gülsüm Sadıqovaya bir ay öncə tanımadığı şəxs zəng edərək satdığı evdən qeydiyyatda olan insanları çıxarmağı tələb edib. O isə evini satmadığını qeyd edib.
Daha sonra məlum olub ki, başqa bir ünvanda yerləşən satılmış ev Gülsüm Sadıqovanın adına qeydiyyatda görünür. Eyni problemlə həmin ərazidə yaşayan digər qonşular da üzləşiblər. Onlar ya yaşayış yeri haqqında arayış almaq istədikdə, ya da kommunal xidmətlərə görə ödəniş edərkən məsələdən xəbərdar olublar.
Problemlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, ünvanla bağlı uyğunsuzluq olduğu zaman mülk sahibi yeni ünvan verilməsi ilə bağlı sənədlərin əsli ilə müraciət etməlidir. Araşdırma aparıldıqdan sonra mənzilə yeni ünvan təyin olunacaq.