21.4 C
Gence
20.5 C
Ganja

Gəncə sakini onu saxlayan yol polisindən şikayət edib

Gəncə sakini Dövlət Yol Polisindən şikayət edib. Bu haqda məlumatı avqustun 13-ü Oxu-ya istinadən veririk.

Şikayət edən şəxs bildirib ki, avtomobili cərimə meydançasına aparılıb. Onun sözlərinə görə, özünə aid olan “Mercedes” markalı 20-EH-466 dövlət nömrə nişanlı avtomobilin nömrəsi əzilib. Bu səbəbdən o, maşının arxa nömrəsini çıxarıb, düzəltdirməyə verib. Yol polisi əməkdaşına da bu barədə məlumat versə də onu aparıblar:

“Özüm də hərbçiyəm, elə formada ola-ola məni apardılar. Avtoş deyiləm, xuliqanlıq etməmişəm”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlama verib. O bildirib ki, vətəndaş “Mercedes” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb:

“Ona yol hərəkəti haqqında qanunun tələbləri izah olunub və bildirilib ki, dövlət qeydiyyat nişanı olmadan avtomobilin istismarı qadağandır. Buna görə də vətəndaşın avtomobili müvəqqəti duracağa yerləşdirilib. Yalnız nömrəni təqdim etdikdən sonra avtomobilini istismar edə bilər”.

Oxu.az-dan foto
Oxu.az-dan foto