Gəncə xalçalarına aid kataloq işıq üzü görüb. Bu haqda 8 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyinə istinadən məlumat veririk.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında “Gəncə-Qazax xalçaları” kataloqu nəşr olunub. Elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlı, müəllifi tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirovadır. Kataloqda muzeyin kolleksiyasında qorunan, Gəncə və Qazax xalça məktəbinə daxil olan xalçalar və digər toxuculuq nümunələri (palaz, kilim, çul, xurcun, heybə, məfrəş, təknə qabı, duz torbası, dəyə ipi, cecim və s.) yer alıb.
Nəşrdə xalça toxuculuğu zamanı istifadə olunan əmək alətləri də öz əksini tapıb. Gəncə və Qazax ərazisində toxuculuğun tarixi, bu xalça məktəbinə daxil olan xalça və xalça məmulatlarının toxunma texnikası ilə yanaşı, onların üzərindəki hər bir naxış və təsvir də tədqiqata cəlb edilib.