Gəncədə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 13 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşları Şəki şəhər sakini Səbuhi Əsmənzadəni yaxalayıblar.
Əsmənzadə instagram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradmışdır. O, özünü başqa adlar ilə təqdim edərək ucuz mebel dəstləri satacağını vəd etmişdir. Müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsmişdir.
İstintaq-əməliyyat tədbirləri keçirilib. Nəticədə hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsəlməsi faktı ortaya çıxıb.
Qeyd edək ki, saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.