“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyən olunub. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində AZƏRTAC-a istinadən məlumat verir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən açıq səsvermə yolu ilə “Gəncə İlməçi” MMC investisiya müsabiqəsinin qalibi seçilib.
İmzalanan müqaviləyə əsasən, investor dövlət büdcəsinə 7,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 22 milyon manat olan ikiillik İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və sair) istehsalı planlaşdırılır. Sözügedən müəssisəyə 150-dən artıq işçi cəlb olunacaq. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.