Gəncəli məşqçi UEFA-nın B kateqoriyalı liseziyasını əldə edib. Bu haqda 28 yanvar tarixində Kəpəz TV-yə istinadən xəbər veririk.
UEFA-nın AFFA ilə birgə təşkil etdiyi qapıçı məşqçiləri üçün B kateqoriyalı kursunda Tariyel Hüseynov da iştirak edib. Yerli və əcnəbi təlimçilərin məşğələlərində Tariyel Hüseynov 4 mərhələdən ibarət olan dərslərdə olub. Kursda həm nəzəri, həm də praktiki bilik və bacarıqlara yiyələnən çalışdırıcı sonda imtahan da verib. Yekunda qapıçı məşqçisinə B kateqoriyalı lisenziya təqdim olunub.
“Mənə görə çox xoş bir hiss oldu. Çünki Gəncədə bildiyimiz kimi, qapıçı məşqçilərinin B kursunu keçən olmamışdı. Həm də bu, təzə layihədir. Azərbaycanda ikinci ildir ki, keçirilir. Qapıçı məşqçilərinin B lisenziyasını aldıqdan sonra İnşallah qarşıda UEFA-nın AFFA ilə birgə keçirdiyi A kursları da var. Dayanmayacağıq, A kurslarında da iştirak etmək istəyirəm. Çalışacam ki, AFFA-nın keçirdiyi bütün kurslarda iştirak edim”, – deyə məşqçi qeyd edib.
“Bundan sonra məsuliyyətim daha da artdı. Çalışacağam ki, qapıçılarımız milli komanda səviyyəsinə kimi qalxsınlar. Yəni əlimizdən gələni edəcəyik ki, bundan sonra Gəncədə güclü qapıçılar yetişsin”.
Tariyel Hüseynov hazırda “Kəpəz”in əvəzedici komandasının qapıçı məşqçisidir. Bundan başqa, mütəxəssis “Kəpəz” klubunun qapıçılar üzrə koordinatorudur.