25.4 C
Gence
18.5 C
Ganja

Gəncəli şəhid torpağa tapşırılıb: onun vətənə əmanət Zeynəb adlı bir yaşlı övladı qalıb

Gəncəli şəhid Natiq Əliyev torpağa tapşırılıb. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.

Gəncə şəhər Şəhidlər Xiyabanında Natiq Əliyev dəfn olunub. Mərasimdə şəhidin yaxınları, şəhər sakinləri, qazilər və Gəncə şəhər İcra Hakimimiyyətinin başçısı iştirak ediblər.

Saat 12:00 radələrində Göygölün Aşıqlı kəndi ərazisində şəhidin qardaşı Samir Əliyev, qazilər və şəhər sakinləri Natiq Əliyevi qarşılamışdırlar. Daha sonra onun nəşi ailəsi yaşadığı evə gətirilmişdir. Tabut böyük izdihamla Cavadxan küçəsindən keçirilmişdir.

Şəhidimiz əslən Göyçə mahalının Zod kəndindəndir. Gəncədə boya başa çatan Natiq ailəli idi. Onun vətənə əmanət Zeynəb adlı bir yaşlı övladı qalıb.

Natiq Əliyev Azərbaycan Ordusunun Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Sanitar-təlimatçı” vəzifəsində çalışırdı. Dünən, noyabrın 16-sı Ermənistan təxribatlar törədmişdir. Oğlundan nigaran olan ana 16:00-da Natiqlə əlaqə saxlamışdır ki, onun yaxşı olduğu haqda əmin olsun.

Yaralı döyüş yoldaşlarını ərazidən çıxaran Natiq Əliyev 18:00 radələrində düşmən snayperinin üç gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.

Başın sağolsun Gəncə.