25.4 C
Gence
18.5 C
Ganja

Gənc DYP rəisinin evinə basqın edib

Gəncə sakini DYP İdarəsinin rəisinin ünvanına nalayiq ifadələr işlədib. Bu haqda oktyabrın 3-ü Avtosfer.az-a istinadən veririk.

Bir neçə gün öncə şəhər sakininə məxsus “VAZ 2107” markalı avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Həmin vətəndaş Gəncə şəhər DYP İdarəsinin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındırıb. Daha sonra bir qrup şəxslə birlikdə DYP İdarəsinin rəisi Eldəniz Həsənovun evinin qarşısına gəlib. Orada nalayiq ifadələr işlədərək, səs-küy salıb, evin qapısını döyüblər və maşının dərhal buraxılmasını tələb ediblər.

Törətdiyi əməllərə görə, sakin barəsində müxtəlif maddələrlə tərtib edilmiş protokollar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. O, məhkəmədə deyib ki, mühafizəçi otağının pəncərəsi əvvəldən çat idi, bu səbəbdən əli dəyən kimi öz-özünə qırıldı:

“Düzdür, hadisədən sonra rəisin evinin qarşısına getdim. Ondan avtomobilin buraxılmasını tələb etdim. Eldəniz Həsənov məni şəxsən tanıyır, Vətən Müharibəsində iştirak etdiyim üçün əvvəllər törətdiyim inzibati xətalarla bağlı bir neçə dəfə mənə və qohumlarıma güzəşt edib”.

Məhkəmə protokolları əsaslı sayıb. Şəxsin müharibə iştirakçısı olduğunu nəzərə alaraq ona aşağı həddə cəza verilib. O, 8 gün müddətinə inzibati qaydada həbs edilib.