Gəncədə tikilən İdman Sarayı ilə bağlı iclas təşkil olunub. Bu haqda 13 aprel tarixində Azərtac-a istinadən məlumat veririk.
Qafqazın ən böyük idman tikililərindən biri hesab olunan Gəncə İdman Sarayı bu ilin sonuna qədər istifadəyə veriləcək. İlham Əliyevin Sərəncamına uyğun olaraq, inşası sürətlə aparılan kompleksdə yerli və beynəlxalq yarışların keçirilməsi üçün tam şərait yaradılır.
Artıq idman kompleksində gələn ilin əvvəlindən dünya səviyyəli yarışların keçirilməsi üçün Beynəlxalq Atıcılıq, Üzgüçülük federasiyalarının nümayəndələri, tanınmış memarlar Nizami yurdunda olub, idman sarayının tikintisi ilə yaxından tanış olublar.
Ümumi sahəsi 16 hektar olan İdman Sarayı ölkəmizdə beynəlxalq olimpik normalar çərçivəsində inşa edilən ən böyük idman qurğusu hesab edilir. İki hissədən ibarət olan saray 4 və 5 mərtəbəlidir. Bu məkanda 3 min tamaşaçı tutumlu böyük idman zalı, üzgüçülük hovuzu, ümumilikdə isə idmanın 14 növü üzrə zal və məktəblər fəaliyyət göstərəcək.
Kafe və restoranların layihələndirilməsi, 160 idmançı üçün hotel kompleksinin tikintisi sarayda yerli və xarici milli komandaların məşq etməsinə və burada gecələməsinə imkan verəcək. İdman Sarayı gələn ildən beynəlxalq yarışlara da ev sahibliyi edəcək.